26 июл. 2013 г.

ABU-nun diplomlarının taleyinə aydınlıq gətirildi

Təhsil Nazirliyi  Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib

 
 Təhsil Nazirliyi Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetindəki (ABU) sənədlərlə bağlı məlumat yayıb.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra universitetin sabiq rəhbərliyi tərəfindən yalnız tələbələrin qəbul əmrlərinin, diplomvermə kitabları və yazılmış, lakin sahiblərinə verilməmiş diplomların nazirliyə təhvil verildiyini bildirib.
Digər sənədlərin sayı və həcmi çox olduğundan və onların Təhsil Nazirliyinin arxivində yerləşdirilməsi mümkün olmadığı üçün universitetin arxivində saxlanılıb. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq zərurəti ilə bağlı ABU-nun binasında saxlanılan bütün sənədlər idarənin əməkdaşları tərəfindən götürülüb: "Hazırda həmin sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müəyyən etdiyi yerdə saxlanılır. Son altı ay ərzində ABU-nun məzun və tələbələri tərəfindən universitetin arxivində saxlanılan attestat və digər sənədlərin geri qaytarılması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin sənədlərin sahiblərinə verilməsi məsələsinə köməklik göstərmək üçün Təhsil Nazirliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət olunub.
Artıq sənədlərin sistemləşdirilməsinə başlanılıb. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin razılığı ilə müraciətləri əsasında təhsil sənədləri aşkar olunan şəxslər dəvət olunacaq və surəti şəxsi işlərində saxlanılmaqla onların təhsil sənədlərinin əsli özlərinə qaytarılacaq. Bu səbəbdən həmin şəxslər  attestatlarını geri götürmək üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etməlidir.

Комментариев нет:

Отправить комментарий