31 июл. 2013 г.

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ KİMLƏR OLUB?

 I yazı.

Danil Piri oğlu Quliyev

Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji        İnstitutuna daxil olub, 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Hərbi xidmətdən tərxis edildikdən sonra "Azneft" Texniki Təchizat Trestində böyük mühəndis kimi çalışıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, üçüncü kursdan Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin müvafiq fakültəsinə köçürülüb. 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra aspiranturada saxlanılıb. 1956-cı il sentyabrın 24-də Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetində "Azərbaycan partiya təşkilatının neft sənayesinin texniki tərəqqisi uğrunda mübarizəsi (dördüncü beşillikdə)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1958-ci ildən 1959-cu ilə qədər Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işləyib. Hələ Partiya Tarixi İnstitutunda çalışarkən əvəzçilik qaydası ilə 1959-cu ilin yanvarından 1961-ci ilin iyununa qədər Bakı Ali Partiya  Məktəbində Sov.İKP tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 1961-ci ildən 1970-ci ilə kimi Bakı Ali Partiya Məktəbinin rektoru işləyib.
Danil Quliyev 1967-ci ildə Azərbaycan KP MK-nın üzvü, 1968-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
"Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri", "Azərbaycan tarixi" kitablarının hazırlanmasında yaxından iştirak edib. 1989-cu ildə onun redaktorluğu ilə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə dair sənədlər toplusu buraxılıb. Böyük ictimai-siyasi xadim Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev 1987-ci ildə tarix elmləri doktoru adına layiq görülüb.
1970-ci il avqustun 24-də Azərbaycanın ali və orta ixtisas təhsili naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə çalışdığı 1970-1971-ci illərdə müəyyən səmərəli işlər görüb. 1971-1976-cı illərdə Azərbaycan KP MK-nın ideologiya üzrə katibi işləyib.
1995-ci ildə təqaüdə çıxan Danil Quliyev ömrünün sonuna kimi Almaniyada yaşayıb. 2001-ci ildə dünyasını dəyişib, Berlində dəfn olunub. Ardı var.
Azərbaycan müəllimi

Комментариев нет:

Отправить комментарий