21 июл. 2013 г.

Rusiya MDB respublikalarını itirir - TƏHLİL

Dünya iqtisadiyyatının tənəzzülünə baxmayaraq bir çox MDB ölkələrinin ümimdaxili mal dövriyyəsinin artım templəri böhranöncəsi səviyyəyə çox qısa müddət ərzində gəlib çata bilər.
Diqqətimizi cəlb edən düyanın ən böyük banklarından və iqtisadi analiz mərkəzlərindən biri olan "Deutche Bank Research"ın bu hesabatından yola çıxaraq postsovet məkanında baş verən iqtisadi-siyasi prossesləri təhlil etməyə çalışdıq.
 

Böyük İpək Yolu

Qazaxıstan, Orta Asiya və Cənubi Qafqazdan keçməklə əsrin ən nəhəng iqtisadi layihələrindən biri olan Böyük İpək Yolu və bu yol boyu döşənmiş "Əsrin müqaviləsi" çərçivəsində inşa edilmiş enerji dəhlizi, yuxarıda adı çəkilən ölkələrə qısa müddət ərzində öz iqtisadiyyatlarını qismən də olsa bərpa etmək imkanları verdi. Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına çıxarılması üçün "Böyük İpək Yolu"nun həm də Çindən və digər Asiya ölkələrindən yüklərin həmin bazarlara daşınması üçün istifadə edilməsi, bu tranzit dəhlizinin üstündə yerləşən ölkələrə əlavə dividentlər qazandırır. Hazırda "Böyük İpək Yolu" Avropanın enerji təhlükəsizliyinin əsas qarantıdır. Demoqrafik partlayış yaşayan Özbəkistan, Qırğızıstan və Tacikistanın ixrac edə biləcək qədər enerji ehtiyatlarının olmaması, iqtisadi inkişaf baxımından onları Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrdən geridə qoydu. Hazırda ÜDM-lərini əsasən Rusiyada çalışan vətəndaşlarının evlərinə göndərdikləri pullarla balanslaşdıran bu üç respublika rus cəmiyyətində getdikcə güclənən və artan ksenofobiya, faşist tendensiyalarının fonunda yönlərini Moskvadan döndərməyə çalışırlar.

Miqrasiya problemi

Daxildə heç bir sosial partlayışın olmaması üçün Orta Asiya miqrantlarının ölkədən xaricdə işləmələri ilk növbədə bu respublikaları idarə edən rejimlərə sərf edir. Rusiyada getdikcə sərtləşən miqrantlar haqqında qanundan tutmuş, rus millətçiləri ilə gəlmələr arasında baş verən toqquşmalar, hər gün bir neçə miqrantın öldürülməsi və döyülməsi onların əlacsız qalıb vətənlərinə dönmələrinə gətirib çıxara bilər, həmin vətənə ki, onları orada hakim sinif ümumiyyətlə gözləmir. Bir neçə milyonluq özbəyin, tacikin, qırğızın kütləvi şəkildə vətənlərinə dönməsi bu ölkələrdə daxili xaosu qaçılmaz edir. Budur ki, hətta iqtisadi tənəzzül yaşayan MDB ölkələri belə, Rusiyadan yavaş-yavaş üz döndərməkdədir. Məsələnin Rusiya üçün acınacaqlı olması ondan görünür ki, Moskva ərazisinə miqrant "ixrac" edən ölkələrin istədiklərini onlara vermək iqtidarında deyil. Miqrantlara verilən üstünlüklər Rusiyada daxili narazılığa, miqrantların sıxışdırılması isə təyyarələrinin kursu Qərbə hazır vəziyyətdə olan Rahmonovun, Kərimovun və Atambayevin qəzəbinə səbəb olur. Kremlin vəziyyəti çox ağırdır.

Postsovet məkanının ən inkişaf etmiş ölkələri

"Deutche Bank Research"in hesabatında yer alan digər maraqlı məqamlardan biri də bəzi MDB dövlətlərinin, dünyanın inkişaf etmiş iqtisadiyyatına sahib olan nəhənglər yerində sayarkən, son bir-neçə il ərzində böyük iqtisadi sıçrayış etdikləri haqda məlumatdır. Hesabatın bu yerində "Deutche Bank Research"in analitikləri qlobal maliyyə böhranından tam ziyansız çıxan Azərbaycanla Türkmənistanın adını çəkirlər. Daxili məhsulun orta artım səviyyəsinin ildə 8%-i təşkil etdiyi Azərbaycan, Qazaxıstan və Türkmənistanın bölgənin güclü iqtisadiyyatına malik olduğunun yazıldığı hesabatda, artıq inkişaf sürətinə görə bu ölkələrin Rusiyanı belə geridə qoyduğu bildirilir. Azərbaycanın ÜDM-nun artımının 11,9%, Türkmənistanın isə 13,6% təşkil etdiyi dünyada ən reytinqli iqtisadi analiz mərkəzi olan "Deutche Bank Research"in hesabatında olduğu kimi yer alıb.
P.S. Son illər bir çox Avropa ölkələrinin iqtisadiyyatlarına milyonlarla dollar investisiya yatırmış Azərbaycan, artıq ekspansiyası ilə Gürcüstanda, Türkiyədə, Yunanıstanda, Bolqarıstanda, İsveçrədə aldığı şirkətlərlə bu ölkələrin iqtisadiyyatında pay sahibidir. İqtisadi inkişafın bərabərində gətirdiyi hərtərəfli dirçəliş Azərbaycanı səviyyəsinə görə MDB-nin əksər ölkələrindən irəli apararaq, Kremlin köhnə oyunlarının oyunçusu olmaqdan xilas edir. İdeya müəllifinin Heydər Əliyev olduğu, regionda həyata keçirilən bütün iri iqtisadi layihələrin baş iştirakçısı kimi Azərbaycan, layihənin gətirdiyi gəlirlərin bölünməsində və xərclənməsində məhz müstəqil siyasət yürüdə bildiyinə görə bu sıçrayışları edə bildi. Allahın millətimizə bəxş etdiyi sərvətləri, canımız, qanımız bahasına qoruduğumuz milli dövlətçiliyimiz yaşadıqca öz milli və dövlət maraqlarımıza uyğun şəkildə sərf edə, xərcləyə bilərik. Bunun üçün birinci məsələ milli məsələ, dövlətçiliyimizin qorunması məsələsidir. 
Qafqaz Ömərov
Bakuinfo.Az-ın analitika şöbəsi

Комментариев нет:

Отправить комментарий