Bloqda axtarış

Загрузка...

27 июля 2013 г.

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

 
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ.
 QƏRAR № 5
 Bakı şəhəri, 13 yanvar 2011-ci il
 "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında
 
 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 
1. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
 1. Ümumi müddəalar
 
  1.1. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi (bundan sonra - Nümunəvi Nizamnamə) "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 29.0.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və digər müvafiq normativ hüquqi aktları rəhbər tutur.
1.3. Bu Nümunəvi Nizamnamə hər bir ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
1.4. Dövlət ümumtəhsil məktəbinin yaradılması, yenidən təşkili və ləğvi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
1.5. Mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkil edilə bilər.
1.6. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.
1.7. Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.8. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
1.9. Ümumtəhsil məktəbinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Ümumtəhsil məktəbinin təsisçisi ümumtəhsil məktəbinin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onun yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır. Ümumtəhsil məktəbi öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Qanunvericilikdə və ya ümumtəhsil məktəbinin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, ümumtəhsil məktəbinin təsisçisi (iştirakçısı) ümumtəhsil məktəbinin öhdəlikləri üçün, ümumtəhsil məktəbi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
1.10. Ümumtəhsil məktəblərində tədris dili dövlət dili - Azərbaycan dilidir.
1.11. Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
1.12. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında" 2002-ci il 29 aprel tarixli 74 nömrəli, "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2002-ci il 10 may tarixli 78 nömrəli, "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 217 nömrəli və "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
1.13. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.
1.14. Ümumtəhsil məktəbi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, təhsil birlikləri və assosiasiyalarına üzv olmaq hüququna malikdir.
1.15. Ümumtəhsil məktəbi hüquqi şəxsdir. Onun müvafiq qanunvericiliyə uyğun olaraq, xəzinə və banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Ümumtəhsil məktəblərinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.
1.16. Ümumtəhsil məktəbi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
1.17. Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.
1.18. Ümumtəhsil məktəbi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
2. Ümumtəhsil məktəbinin strukturu
 
2.1. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.
2.2. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (I-IX siniflər), tam orta (I-XI siniflər) məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.
2.3. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir.
Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.
2.4. Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.
2.5. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.
2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.
2.7. Ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir.
 3. Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları
 
3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir.
3.2. Ümumtəhsil məktəbində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir.
3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.
3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır.
3.5. Ümumi orta təhsil şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.
3.6. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə alınmaqla, şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması üçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələri, xarici dillərdən birində (yaxud bir neçəsində) ünsiyyət saxlamaları təmin olunur.
3.7. Ümumtəhsil məktəbi dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodik tədbirlərin həyata keçirilməsində müstəqildir.
3.8. Ümumtəhsil məktəbində, bir qayda olaraq, əyani təhsilalma forması tətbiq olunur. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərə, habelə hər hansı bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlərə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalar daxilində həmin sahə üzrə fərdi təhsil təyin edilə bilər.
3.9. "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarına uyğun olaraq, səhhətinə görə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyən şagirdlər üçün xüsusi tədris planı əsasında "Evdə təhsil" forması tətbiq edilir.
3.10. Ümumtəhsil məktəbinin bu və ya digər səbəbdən təhsildən kənarda qalan şagirdləri müəyyən edilmiş qaydalara əsasən ümumi orta və tam orta təhsil proqramları (kurikulumları) üzrə sərbəst hazırlaşıb eksternat qaydasında buraxılış imtahanı verərək, təhsil sənədi almaq hüququna malikdirlər.
 
 4. Ümumtəhsil məktəbində təlim-tərbiyə prosesinin təşkili
 
4.1. Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.
4.2. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.
4.3. Pedaqoji prosesin "müəllim-şagird" əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində başlıca istiqamətlərdən hesab olunur.
4.4. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmış komissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır.
4.5. Ümumtəhsil məktəbinin I sinfinə qəbul üçün uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığının vəziyyəti barədə müəyyən edilmiş nümunədə arayış təqdim olunur.
4.6. Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında şəhadətnamə hesab edilir.
4.7. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur.
4.8. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ümumtəhsil məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən etdiyi qaydalara uyğun qəbul olunurlar.
4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
birinci yarımil - 15 sentyabr - 29 dekabr;
ikinci yarımil - 6 yanvar - 31 may.
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
 6 gün payız tətili (12-17 noyabr);
 7 gün qış tətili (30 dekabr - 5 yanvar);
 8 gün yaz tətili (17-24 mart).
4.11. Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilir.
4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilər.
4.13. Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.
4.14. Dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35, digər siniflərdə 45 dəqiqə müəyyən edilir.
4.15. Ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
4.16. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə digər tədris proqramları ilə təhsilə cəlb olunurlar.
4.17. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
4.18. Ümumtəhsil məktəbində təlim-tərbiyə işləri planlaşdırılarkən, şagirdlərin meyil və marağına uyğun dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə psixoloji cəhətdən gərgin ailə mühitində böyüyən uşaqlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.
4.19. Ümumtəhsil məktəbində şagirdlərin təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.
 
 5. Ümumtəhsil məktəbinin idarə olunması
 
5.1. Ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.
5.2. Ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
5.3. Ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları və s.) yaradıla bilər.
5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir:
5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;
5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;
5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir;
5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;
5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;
5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır;
5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;
5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir;
5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;
5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.
5.5. Ümumtəhsil məktəbinin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış öz nizamnaməsi ilə müəyyən olunur.
5.6. Ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.
 
 6. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları
 
6.1. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
6.1.1. təhsilalanlar - şagirdlər;
6.1.2. təhsilverənlər - müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, loqopedlər, dərnək və musiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərki hazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər;
6.1.3. valideynlər və ya digər qanuni nümayəndələr;
6.1.4. təhsili idarəetmə orqanları.
6.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.
6.3. Ümumtəhsil məktəbinin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması, yaxud intizam tənbehinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
 
7. Ümumtəhsil məktəbində təhsilalanların hüquq və vəzifələri
 
7.1. Təhsilalanların hüquqları aşağıdakılardır:
7.1.1. təhsil alacağı ümumtəhsil məktəbini, tədris dilini, təhsilin təmayülünü, sinifdənkənar məşğuliyyəti sərbəst seçmək;
7.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
7.1.3. ümumtəhsil məktəbinin mövcud infrastrukturundan (tədris laboratoriyaları, emalatxana, kitabxana, idman qurğularından və s.) istifadə etmək, dövlət və bələdiyyə müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
7.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
7.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
7.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
7.1.7. ümumtəhsil məktəbinin təhsil, ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;
7.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
7.2. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
7.3. Təhsilalanların vəzifələri aşağıdakılardır:
7.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
7.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
7.3.3. təhsil aldığı ümumtəhsil məktəbinin nizamnaməsinin tələblərinə riayət etmək;
7.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;
7.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;
7.3.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
7.4. Özəl ümumtəhsil məktəblərində təhsilalanların sosial müdafiəsi məktəbin nizamnaməsi ilə tənzimlənir.
 8. Ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri
 
 8.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
8.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
8.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək;
8.1.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
8.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.1.5. məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
8.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;
8.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;
8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
8.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
8.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
8.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
8.2.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.2.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
8.2.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
8.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
8.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
8.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
 9. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
 
9.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
9.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
9.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
9.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
9.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
9.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
9.2.1. övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
9.2.2. övladlarını (qəyyumluğunda və yaxud himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
9.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
 10. Ümumtəhsil məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası
 
10.1. Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
10.2. Dövlət ümumtəhsil məktəbinin maliyyələşdirilməsi müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir.
10.3. Təhsil sahəsinin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə azkomplektli dövlət ümumtəhsil məktəbi mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
10.4. Dövlət və bələdiyyə ümumtəhsil məktəbləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
10.4.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
10.4.2. hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
10.4.3. təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;
10.4.4. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
10.4.5. məktəbin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
10.4.6. beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant və vəsaitlər;
10.4.7. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
10.5. Özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyə-ləşdirilir:
10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər;
10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri;
10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;
10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
10.6. Özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
10.7. Özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər bir təhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına) uyğun olaraq sərbəst müəyyən edir.
10.8. Özəl ümumtəhsil məktəbi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
10.9. Ümumtəhsil məktəbinin maddi-texniki bazasına binalar, torpaq sahələri, müxtəlif qurğular, maşın və avadanlıqlar, tibb, iaşə və idman obyektləri və digər əmlak daxildir.
10.10. Ümumtəhsil məktəbi istifadəsində olan maddi-texniki bazanın və əmlakın saxlanması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
10.11. Ümumtəhsil məktəbi göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.
10.12. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.
10.13. Ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.
 
 11. Ümumtəhsil məktəbinə aid sənədlər
 
11.1. Ümumtəhsil məktəbində tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri istifadə edilir.
11.2. Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.
11.3. Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.
11.4. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, habelə məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən məktəb direktorunun əmri ilə təyin olunurlar.
11.5. Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) məktəbin əsas vəsaitlərinin, inventar-avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
 12. Ümumtəhsil məktəbinin beynəlxalq əlaqələri
 
12.1. Ümumtəhsil məktəbi beynəlxalq əlaqələr sahəsində aşağıdakı hüquqlara malikdir:
12.1.1. qanunvericiliyə uyğun olaraq xarici ölkələrin ümumtəhsil məktəbləri ilə birbaşa əlaqələr yaratmaq, onlarla təcrübə mübadiləsi aparmaq;
12.1.2. qarşılıqlı dəvət əsasında əməkdaşlıq etdiyi məktəbin nümayəndə heyətini qəbul etmək, həmin məktəbə nümayəndələr göndərmək;
12.1.3. birgə seminar, konfrans və digər tədbirlər təşkil etmək, təhsil layihələrində iştirak etmək;
12.1.4. beynəlxalq birlik və assosiasiyalara üzv olmaq.

Комментариев нет:

Отправить комментарий