23 авг. 2013 г.

Məktəbə 2.5 yaşında başlayacaqlar

Hollandiyada uzun müddətdir planlaşdırılan layihə nəhayət ki, gerçəkləşir.

Hollandiyada artıq uşaqlar 2.5 yaşından məktəbə gedəcək. Sözügedən layihə xüsusən əcnəbi uşaqların dil problemini aradan qaldırmaq məqsədi daşıyır. Pilot layihə üçün Amsterdamda 10 məktəb müəyyənləşib. 
Layihə çərçivəsində 1-4 yaş arası uşaqlar üçün oyun qrupu ilə yanaşı, onlara qulluq edən xüsusi qruplar da yaradılıb. İlk mərhələdə məktəb həftədə 4 yarım gün keçiriləcək. Layihə çərçivəsində uşaqlara “məktəbə hazırlıq” təlimləri keçiriləcək.
Hollandiyada 4 yaşdan kiçik uşaqlar üçün bağçalar pulludur. Amma sözügedən layihə zamanı 2.5 yaşındakı uşaqlar məktəblərdəki qulluq və təhsil xidmətlərindən pulsuz yararlanacaq. Layihə effekt versə, qısa müddət ərzində bütün ölkədə tətbiq ediləcək.
 Xatırladaq ki, Hollandiyada məktəb yaşı 4-dür.

TQDK-a abituriyentlərin bilik səviyyəsindən narazıdır

Məleykə Abbaszadə: "Hər bir qrup üzrə sualların 50 faizi asandır"



"Ali məktəblərin hər bir ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında abituriyentlərə təqdim edilən sualların 50 faizi asandır". Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadənin sözlərinə görə, həmin suallara cavab verən abituriyentlər imtahanda ən azı 300 bal toplaya bilərlər. Humanitar qrupa sənəd verən abituriyentlər isə hətta 350 bal nəticə göstərə bilərlər. "Ancaq məsələ ondadır ki, bəzi abituriyentlər heç 100 bal da toplaya bilmirlər".

M.Abbaszadənin sözlərinə görə, bu ilki qəbul imtahanlarında abituriyentlərin göstərdikləri bilik səviyyəsi demək olar ki, ötən ildəki kimidir: "Bu il müsbət istiqamətdə hansısa nəticə görmürük. İmtahanlarda abituriyentlərin göstərdikləri bilik səviyyəsi ötən ilki səviyyədədir, elə də aşağı düşməyib. Əgər hər hansı fənn üzrə nəticələr 1-2 faiz aşağı düşübsə, digər fənn üzrə nəticələr 1-2 faiz yüksəlib. Ona görə də nəticələr demək olar ki, eynidir".

Nicat Xaliqoğlu

22 авг. 2013 г.

Müəllimlərin dəyişməyən statusu - ARAŞDIRMA

Yeni dərs ilinin başlanmasına cəmi bir ay qalıb. Amma belə görünür ki, təhsil işçiləri yeni dərs ilinə də dövlət qulluqçusu hesab edilmədən başlamalı olacaq. Çünki təhsil və səhiyyə işçilərinin dövlət qulluqçusu hesab olunmasına dair ölkə başçısının sərəncamından 2 il 3 aydan çox keçməsinə baxmayaraq, bu sərəncamın icrası istiqamətində hələlik heç bir ciddi addım atılmayıb. Bu isə o deməkdir ki, müəllimlər növbəti dərs ilində də dövlət qulluqçusu sayılmayacaq. Bu, həm də müəllimlərin aylıq məvaciblərinin elə köhnə qayda ilə hesablanacağı deməkdir.

Xatırladaq ki, ölkə başçısı “Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncamı 2011-ci ilin aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Ancaq göründüyü kimi, 3 aya hazırlanmalı olan sənəddən 2 ildən artıqdır ki, səs-səmir çıxmır. Halbuki 2 ildir ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü gözləməkdədir.

Bəs, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin bu qədər yubanmasına səbəb nədir? Bu status müəllimlərin maaşının hesablanmasında hansı dəyişikliyə gətirib çıxaracaq? Ümumiyyətlə, dövlət qulluğunun xüsusi növünə aid edilməli olan təhsil işçiləri hazırda nə qədər maaş alır və onların aylıq məvacibləri necə hesablanır?

İntensiv iş gedir, amma...

Lent.az-ın araşdırmalarından məlum olur ki, son iki ildə tez-tez gündəmə gələn, xüsusilə də təhsil işçilərinin daimi müzakirə mövzusu olan bu suallar tam şəkildə aydınlıq gətirmək indiki məqamda mümkün deyil. Səbəb isə aidiyyəti qurumların bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atmasıdır. Belə ki, Nazirlər Kabinetindən Lent.az-a bildiriblər ki, bu qurum öz səlahiyyətinə uyğun olaraq təhsil işçilərinin dövlət qulluqçusu hesab olunmasına dair Konsepsiya layihəsinin hazırlanmasını başa çatdırıb. Hazırda isə sənəd müvafiq rəy və təkliflərin toplanması üçün Təhsil Nazirliyindədir.

Təhsil Nazirliyində isə bildirirlər ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ən yaxşı halda gələn ilin yanvarında mümkün ola bilər. Çünki Nazirlər Kabineti tərəfindən hazırlanmış Konsepsiya layihəsi hələ tam hazır deyil. Belə ki, layihədə aidiyyəti qurumların rəy və təklifləri də nəzərə alınmalıdır. Lakin bu qurumlar özlərinin rəy və təkliflərini nazirliyə təqdim etməyiblər.

Bununla belə, Təhsil Nazirliyi bəyan edir ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı intensiv şəkildə iş aparılır. Aidiyyəti qurumların Konsepsiya layihəsinə rəy və təklifləri alındıqdan sonra bu təkliflər ümumiləşdirilərək yenidən Nazirlər Kabinetinə təqdim olunacaq.

O ki qaldı müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin onların aylıq məvaciblərinə necə təsir edəcəyinə, bu məsələ də açıq qalır. Təhsil Nazirliyində deyirlər ki, dövlət qulluqçusu statusunun müəllimlərin maaşının hesablanması qaydasında hansısa dəyişikliklər vəd etmir. Belə ki, müəllimlər dövlət qulluqçusu hesab olunsalar belə, onların maaşı əvvəl olduğu kimi həftəlik dərs yükünün miqdarına görə hesablanacaq. Yeganə dəyişiklik yalnız istirahət, məzuniyyət və bu kimi digər sosial imtiyazların genişlənməsinə aid ola bilər.

“Məqsəd müəllimlərə yüksək maaş verməkdirsə...”

Elə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da bu cür düşünür. Onun fikrincə, müəllimlərin dövlət qulluqçusu hesab olunması heç də onların maaşlarının digər sahələrdən olan dövlət qulluqçularının maaşı səviyyəsinə qaldırılacağı anlamına gəlmir. Ekspert deyir ki, müəllimlərə bu statusun verilməsi onların mərkəzi icra hakimiyyəti orqanlarında, parlamentdə, məhkəmə orqanlarında işləyən dövlət qulluqçuları ilə eyni statusda olacaqları hesab edilmir. Ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilər kimi onlar da əlavə sosial imtiyazlar əldə edə biləcək: “Bu imtiyazların nədən ibarət olacağı bəlli deyil. Ümumiyyətlə, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin anlamının nə olduğu bilinmir. Əgər məqsəd müəllimlərə yüksək maaş verməkdirsə, bunu xüsusi status vermədən də eləmək olar. Amma təhsil işçiləri büdcə təşkilatlarında çalışanlar arasında böyük üstünlüyə malikdir. Ona görə də onların maaşını əhəmiyyətli şəkildə artırmaq həmişə çətinlik yaradır. Görünür, bu hökuməti xeyli qayğılandırır və ona görə də müəllimlərə dövlət qulluqçusu statusun verilməsi yubanır”.

Bütövlükdə Sahib Məmmədov müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini prinsipial məsələ hesab etmir. Onun fikrincə, bu statusun nədən ibarət olacağı, onun “Dövlət qulluğu haqqında” qanunla, yoxsa Əmək Məcəlləsi ilə tənzimlənəcəyi, statusda nəzərdə tutulan imtiyaz və güzəştlərin necə təsnifatlaşdırılacağı çoxlu suallar doğurur? “Çünki əslində dövlət təhsil müəssisələrində çalışan müəllimlər dövlət qulluqçusu sayılır. Amma onlara xüsusi təsnifatlandırılmış status verilməsi o deməkdir ki, özəl təhsil müəssisələrində çalışanlar dövlət qulluqçusu sayılmayacaq. Əslində isə müəllimlərin sosial güzəşt və imtiyazlarını artırmağın ən yaxşı yolu onlara normal əməkhaqqı verməkdir. Bunu isə dövlət qulluğu statusu verilmədən də etmək olar”.

Təhsildə məvacib bölgüsü

O ki qaldı təhsil işçilərinin maaşının məbləğinə, bu, Nazirlər Kabinetinin 13 dekabr 2011-ci il tarixli 203 saylı qərarı ilə Vahid Tarif Cədvəlinə edilən dəyişikliklər də nəzərə alınmaqla müxtəlif təhsil pillələri üzrə vəzifə maaşlarının səviyyəsindən asılı olaraq dəyişir. Həmin qərara əsasən, məktəbəqədər təhsil müəssisəsinin tipindən və iş stajından asılı olaraq, direktorların aylıq tarif maaşı 150-220, tərbiyəçilər və baş tərbiyəçilər ucun 128-188, tərbiyəçi köməkçiləri ucun 108-113 manatdır. Şagirdlərin sayından və ümumtəhsil məktəbinin tipindən və əmək stajından asılı olaraq, vahid tarif cədvəli orta məktəbin rəhbər heyətinin aylıq maaşı 162-220, müəllim heyətinin məvacibi isə 128-188 manat səviyyəsində müəyyən edilib.

İnternat və xüsusi, eləcə də orta ixtisas və peşə məktəblərində çalışan müəllimlərin maaşı adi məktəblərdəkindən bir qədər yüksəkdir. Amma burada da vahid tarif cədvəli üzrə aylıq vəzifə maaşı şagirdlərin sayından və iş stajından asılı olaraq dəyişir. Belə ki, orta ixtisas məktəblərinin direktorları 174-220, bölmə və şöbə rəhbərləri 138-188, müəllimlər 128-188 manat, peşə təhsili məktəblərinin direktorları 174-220, usta və təlimçilər 128-162 manat maaş alır.

Orta təhsil müəssisələri ilə müqayisədə ali məktəblərdə çalışan müəllimlərin maaşları xeyli yüksəkdir. Ancaq bu da onları dolandıra biləcək səviyyədə deyil. Belə ki, kateqoriyasından asılı olaraq ali məktəblərin rektorlarının aylıq məvacibləri 490-530 manat, prorektorlar 330-415 manat, kafedra müdirləri 240-280 manat, professorlar 310-350 manat (iş stajından asılı olaraq 30-120 manat intervalında əlavə), dosentlər 265-305 manat (stajdan asılı olaraq 25-100 manat əlavə), baş müəllimlər 220-260 manat (stajdan asılı olaraq 20-80 manat əlavə), sıravi müəllimlər 175-215 manat (stajdan asılı olaraq 15-60 manat əlavə) arasında dəyişir.

Yeri gəlmişkən, 2012-ci ilin dövlət büdcəsindən təhsil işcillərinin əməkhaqqı ödənişlərinə 910,9 milyon manat yönəldilib. Bu vəsaitlərin 50,2 milyon manatı məktəbəqədər təhsil müəssisələrində, 677,5 milyon manatı orta təhsildə, 28,2 milyon manatı internat və xüsusi məktəblərdə, 44,1 milyon manatı isə texnikum və peşə məktəblərində çalışan işçilərin məvaciblərinin ödənməsinə xərclənib. Bundan başqa, büdcənin “təhsil xərcləri” təsnifatındakı vəsaitlərin bir hissəsi xüsusi təyinatlı təhsil müəssisələrində ərzaq xərclərinə yönəldilir. Büdcə sənədlərinin təhlili göstərir ki, ötən il  təhsil bölməsindən ərzaq təminatına 39,9 milyon manat ayrılıb. Həmin vəsaitlərin 23 milyon manatı bağçalara, 11,6 milyon manatı fiziki və əqli cəhətdən qüsurlu uşaqların, valideyn himayəsindən məhrum olan uşaqların təhsil aldığı internat və xüsusi məktəblərə yönəldilib.
lent.az

16 авг. 2013 г.

Təhsil Nazirliyi: "Məktəblərdə kişi müəllimlərin azlığı normal haldır"

Təhsil Nazirliyindən bildirilib ki, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır.


"Ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyətini qadınların təşkil etməsi bütün ölkələr, o cümlədən Azərbaycan üçün səciyyəvidir”. Bu barədə "modern.az"ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib. Qeyd edilir ki, ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyətinin qadın olması şagirdlərə, onların davranışına psixoloji təsirləri (müsbət və ya mənfi) barədə əsaslı tədqiqatlar aparılmayıb. “Ona görə də qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi düzgün olmazdı. Kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edir. Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlıdır”.

Təhsil Nazirliyindən bildirilib ki, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Cari ildə işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi qadınlardır.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəllimlər üçün kompetensiya və nəticə əsaslı, diferensiallaşdırılmış əmək haqqı sisteminin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Azərbaycan ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyəti qadınlardır. Hətta iş o yerə çatıb ki, idman dərslərini də qadın müəllimlər keçirlər. Kişi müəllimlərin azlığı isə psixoloqlar tərəfindən şagirdlərin, xüsusilə oğlanların hərəkətlərində psixoloji cəhətdən müəyyən problemlərin yaranması ilə izah olunur.

15 авг. 2013 г.

TQDK-dan soruşurlar.



Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11-illik) orta ixtisas təhsili müəssisələrinə qəbul



— Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs açıq tipli test tapşırıqları üzrə də bu qayda tətbiq edilir?
Cavab: Xeyr, açıq tipli test tapşırıqları üzrə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.

-------------------------------------------------------------------------------------------------------------------------
— Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm? 
Cavab: İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.

-------------------------------------------------------------------------------------------------------------------------

— Cüdo üzrə beynəlxalq yarışın qalibiyəm. Ali məktəbə müsabiqədənkənar qəbul oluna bilərəmmi?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qeyd olunmalıdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə isə beynəlxalq yarışların siyahısı Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir. Belə ki, sonuncu qərara əsasən, yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.
 Bununla bağlı yuxarıda göstərilən kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri müəyyən edilmiş müddətdə TQDK-ya və ya onun regional bölmələrinə təqdim etməlidirlər:
 1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini;
 2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini.
 Sualınıza konkret cavab olaraq bildiririk ki, cüdo olimpiya idman növü olduğundan, cüdo üzrə Olimpiya oyunları və Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə ali təhsil müəssisəsinə müsabiqədənkənar (test və qabiliyyət imtahanlarından azad olunmaqla) qəbul olmaq hüququna malikdirlər.

--------------------------------------------------------------------------------------------------------------------------

— Kimya fənni üzrə keçirilmiş respublika olimpiadasında birinci yeri tutmuşam. Qəbul imtahanında iştirak etmədən ali məktəbə qəbul ola bilərəmmi?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunurlar. Qanunun həmin maddəsinə əsasən, bu güzəşt respublika olimpiadalarının qaliblərinə şamil olunmur.
-------------------------------------------------------------------------------------------------------------------------

— Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm?
Cavab: Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) TQDK-da və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

---------------------------------------------------------------------------------------------------------------------

— Mən I ixtisas qrupu üzrə imtahana hazırlaşıram. Milli Aviasiya Akademiyasına daxil olmaq istəyirəm. Oxuduğum məktəbdə bizə xarici dil kimi fransız dili tədris olunur. Qəbulda xarici dil kimi fransız dilindən imtahan verə bilərəmmi?
Cavab: Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər qəbul imtahanında xarici dil kimi yalnız ingilis dili fənnindən imtahan verməlidirlər.

-----------------------------------------------------------------------------------------------------------------------

— Rus bölməsində təhsil alıram, ali (orta ixtisas) təhsilimi də rus bölməsində davam etdirmək istəyirəm. Bildiyimə görə bu bölmədə təhsil alanlar Azərbaycan dili fənnindən də imtahan verməlidirlər. Bu imtahan barədə ətraflı məlumat almaq istərdim.

 Cavab: Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal TQDK-nın müəyyən etdiyi müsabiqə şərtini ödəməlidir. Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə keçirilir. Birinci imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

---------------------------------------------------------------------------------------------------------------------------

— Mən ötən il rus bölməsinin abituriyenti olmuşam. Azərbaycan dili fənni üzrə imtahandan məqbul almışdım, lakin qəbul imtahanında kifayət qədər bal toplaya bilmədiyimə görə ali məktəbə qəbul olmadım. Bu il Azərbaycan dili fənnindən yenidən imtahan verməliyəm?
Cavab: Hər il ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqə məhz həmin ildə keçirilən imtahanların nəticələrinə əsasən aparılır. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan qəbul imtahanlarının tərkib hissəsidir. Ona görə də siz qəbul qaydalarına əsasən bu il həmin fəndən təkrar imtahan verməlisiniz.


-------------------------------------------------------------------------------------------------------------------

— Mən keçən il kollec bitirmişəm. Bu il isə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak etmək istəyirəm. Bunun üçün hansı sənədləri təqdim etməliyəm?
Cavab: Siz orta ixtisas təhsiliniz haqqında sənədin əslini; şəxsiyyətinizi təsdiq edən sənədin əslini; təhsil aldığınız müəssisə tərəfindən verilən və orta ixtisas təhsilinizin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı; attestatın əslini və ya məzunu olduğunuz təhsil müəssisəsi tərəfindən verilən və attestat qiymətləri göstərilən arayışı müvafiq SQK-ya təqdim etməlisiniz.

------------------------------------------------------------------------------------------------------------------------

— Mən ümumtəhsil məktəbində əla qiymətlərlə oxuyuram. Bilmək istəyirəm ki, ali təhsil müəssisəsinə müsabiqə zamanı bu göstəricim nəzərə alınacaqmı?

Cavab: Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə bir neçə əlavə göstəricilərdən istifadə edilir. Təhsil haqqında sənədə (attestata) "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası müsabiqə zamanı ilk növbədə nəzərə alınan əlavə göstəricilərdən biridir.
--------------------------------------------------------------------------------------------------------------------------

— Övladım İtaliya vətəndaşıdır. Bunu təsdiq edən italyan pasportu var. Ancaq o, hal-hazırda Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır. Oğlumun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi italyan pasportunun qəbul edilib-edilməyəcəyi barədə məlumat ala bilərəmmi?

Cavab: Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini, yaxud da vətəndaşı olduğu ölkənin xarici pasportunu təqdim edir. İmtahan binasına buraxılış rejimi zamanı problem yaranmaması üçün həmin sənəd Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmalıdır.
----------------------------------------------------------------------------------------------------------------------

— Keçid balı ilə müsabiqə şərti anlayışları arasında fərq varmı? 

Cavab: Əlbəttə, var, bunlar fərqli anlayışlardır. Qəbul qaydalarına əsasən, hər hansı bir ixtisas qrupu üzrə, bəzi hallarda isə bu və ya digər ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin imtahan nəticələri TQDK tərəfindən müəyyən edilmiş tələblərə, yəni müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 210 bal toplayıb. Lakin onun riyaziyyat və fizika fənlərinin hər hansı birindən nisbi balı 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq.
 Bu və ya digər ixtisasa keçid balı isə yalnız müsabiqə nəticəsində formalaşır. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 60 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 250 nəfər göstərib. Bu zaman həmin 250 nəfərdən ən yüksək bal toplayan 60 abituriyent bu ixtisasa qəbul edilir və 60-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış minimal keçid balı olur.

----------------------------------------------------------------------------------------------------------------------

— Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?
Cavab: Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
 Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.

-----------------------------------------------------------------------------------------------------------------------
— Mən keçən il mərkəzləşdirilmiş imtahandan kəsildiyimə görə attestat ala bilməmişəm. Mən bu il hansı şərtlərlə sənəd verə bilərəm?
Cavab: Ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanına buraxılan abituriyentlər TQDK-nın internet saytında göstərilən müvafiq formada arayış təqdim etməklə sənəd verə bilərlər.

-------------------------------------------------------------------------------------------------------------------------

— Hal-hazırda hərbi xidmətdəyəm. İyulun 1-i hərbi xidməti başa vuracağam. II qrupun imtahanı iyul ayında keçiriləcək. Sənədlərimi mənim əvəzimə valideynlərim təsdiq etdirə bilərlərmi?
Cavab: Xeyr, sənəd qəbulu üçün ayrılmış müddətdə hərbi biletinizdə sizin ordudan tərxis olunmağınız və yaşayış yeri üzrə hərbi uçota alınmağınız haqqında müvafiq qeydlər olmalıdır. Yalnız bundan sonra sizin sənədləriniz təsdiq oluna bilər.

--------------------------------------------------------------------------------------------------------------------

— Mən Polis Akademiyasına sənədlərimi vermişəm. Bu ali təhsil müəssisəsindən başqa digər bir ixtisası seçə bilərəmmi?
Cavab: Xüsusi təyinatlı ali təhsil müəssisəsini seçən abituriyentlər (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi komissiyadan uğurla keçdiyi təqdirdə) ixtisas seçimi zamanı bu ali təhsil müəsisəsinin ixtisası ilə yanaşı mülki ali təhsil müəssisələrinin ixtisaslarını da seçə bilərlər. Bu zaman yadda saxlamaq lazımdır ki, hər hansı xüsusi təyinatlı ali təhsil müəssisəsini seçən abituriyent ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent mülki ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmır.

--------------------------------------------------------------------------------------------------------------------

— Bu il ali məktəblərə keçirilən imtahanda açıq tipli test tapşırıqları olacaqmı? 
Cavab: 2012-ci ildə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq:
 I ixtisas qrupu – riyaziyyat və fizika;
 II ixtisas qrupu – riyaziyyat və coğrafiya;
 III ixtisas qrupu – riyaziyyat və tarix;
 IV ixtisas qrupu – riyaziyyat və kimya.

----------------------------------------------------------------------------------------------------------------------

— Mən texnikumda dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəmmi? 
Cavab: Bəli, sizin ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaq hüququnuz var. Siz yenidən dövlət hesabına orta ixtisas təhsili ala bilməzsiniz.

-------------------------------------------------------------------------------------------------------------------------

— Mən bu il II ixtisas qrupu üzrə imtahan verəcəm. Xarici dil kimi rus dilini seçə bilərəmmi? 
Cavab: Bəli, ali təhsil müəssisələrinə I, II və III ixtisas qrupları üzrə Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi rus dilini seçə bilərlər.

-----------------------------------------------------------------------------------------------------------------------

— Mənim oğlum ötən il keçirilən qəbul imtahanlarında iştirak edib lakin qəbul ola bilməyib. Bu ilin iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, builki qəbul imtahanlarında iştirak edə bilərmi? 
Cavab: Hərbi Komissarlığın müvafiq təlimatınsa əsasən, 1994-cü il təvəllüdlü, iyul ayının 30-dək anadan olan gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Azərbaycan Respublikasının Hərbi komissarlığının müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır. Oğlunuz yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.

--------------------------------------------------------------------------------------------------------------------

— Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm? 
Cavab: Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına, Dövlət Sərhəd Xidməti Akademiyasına, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Bu barədə daha ətraflı məlumatı həmin tədris müəssisələrindən də ala bilərsiniz. Polis Akademiyasına qəbulla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 1-ci sayımda dərc olunur.

------------------------------------------------------------------------------------------------------------------

— Mən bu il 11-ci sinfi bitirəcəm. Orta ixtisas təhsili müəssisələrinə (texnikumlara) qəbul olmaq üçün ayrıca imtahan verməliyəm, yoxsa ali məktəblərə keçirilən imtahanda iştirak etməliyəm? 
Cavab: Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə -ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra Siz orta ixtisas təhsil müəssisələri üzrə ixtisas seçimində iştirak edə bilərsiniz. İxtisas seçimi internet vasitəsilə yerinə yetirilməlidir. Orta ixtisas təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
 I ixtisas qrupu – tex­ni­ki və texnoloji, iqtisadiyyat və idarəetmə, hüquq, təhsil, dizayn və bədən tərbiyəsi ixtisasları;
II ixtisas qrupu – kimya-texnoloji və səhiyyə ixtisasları;
III ixtisas qrupu – humanitar, təhsil, mədəniyyət və incəsənət ixtisasları.
Оrta ixtisas təhsili müəssisələrinin I qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və IV qruplarının abituriyentləri, II qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin I və IV qruplarının abituriyentləri, III qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupunun abituriyentləri iştirak edə bilərlər.

-----------------------------------------------------------------------------------------------------------------------

— İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir? 
Cavab: İkinci ali təhsil almaq istəyən abituriyent ümumi qaydalarla TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak etməlidir. Belə abituriyent Sənəd Qəbulu Komissiyasına digər abituriyentlərdən fərqli olaraq tam orta təhsil haqqında sənədi deyil, ali təhsil haqqında sənədi (əslini), əvvəlki ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı və attestat qiymətləri haqqında arayışı təqdim etməlidir. Qəbul qaydalarına əsasən, dövlət hesabına ali təhsil almış abituriyentlər yenidən dövlət sifarişi əsasında ali təhsil ala bilməzlər.

13 авг. 2013 г.

Orta ixtisas müəssisələrinə qabiliyyət imtahanları bu gün başa çatdı

Orta ixtisas müəssisələrinə qabiliyyət imtahanları bu gün başa çatdı. Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat 17 -31 iyul tarixlərində aparılıb. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə ediblər.Bundan sonra abituriyentlər Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçib TQDK tərəfindən müəyyən olunmuş ünvan, tarix və vaxtda seçmə turda iştirak ediblər. Seçmə turda abituriyentin yaradıcılıq qabiliyyəti yoxlanılıb və yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilib.
 
 Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək. Boş plan yerlərinə ixtisas seçimi isə 9-12 sentyabrda aparılacaq.

12 авг. 2013 г.

Ali məktəblərə ixtisas seçimi avqustun 15-dək davam edəcək.

III ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
 
IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
 
  I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
 
II ixtisas qrupu üzrə ixtisas seçimində isə ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
 
Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qrupuna aid 15-dək ixtisası seçir, elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiqləyirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər. Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları da seçmək imkanı verilir.
Mənbə: Milli.Az

10 авг. 2013 г.

Azərbaycan dili və ədəbiyyat müəllimləri görüşdü. FOTO

Bu dəqiqələrdə "Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Biliyi" nin görüşü keçirilir.


"Facebook" sosial şəbəkəsində yeni açılmasına baxmayaraq Azərbaycan dili və ədəbiyyat müəllimlərinin böyük rəğbətini qazanmış "Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Biliyi" qrupunun bu gün üzvləri ilə görüşü keçirilir. Görüşün təşkilatçıları qrup üzvləridir. Toplantının rəsmi hissəsi "Hədəf Kursları" MMC-nin mərkəzi binasında baş tutub. Yığıncaqda məqsəd qrupun fəal üzvləri ilə tanışlıqdır.

Gələn il 10-a yaxın özəl universitet bağlanacaq

Siyahıya Azərbaycan İctimai-Siyasi Universitetinin başçılıq etdiyi iddia olunur

 
Təhsil Nazirliyi gələn il ondan artıq özəl universteti bağlayacaq. Artıq bu barədə qərar qəbul oluduğu haqqında məlumatlar yayılıb.

Bu barədə olaytv.az-a daxil olan məlumatda bildirilir ki, yeni təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda çoxlu özəl universitetlərin olmasını təhsilin keyfiyyətinə ziyanlı olması qənaətinə gəlib. Bu universtetlər əsasən qanunsuz tələbə köçürmələri ilə məşğul olur və rüşvətin ayaq açıb yeridiyi bu universitetlərdə tələbələrə demək olar ki, təhsil almırlar.
Daxil olan məlumatda bildirilir ki, nazirlik artıq yeni planını işə salıb. Nazirliyin aparacağı monitorinq əsasında bəzi universitetlərlə bağlı artıq ölçü götürülür. Bu il artıq yeni dərs ilinə start verildiyinə və ali məktəblərə qəbul prossesi demək olar kiÖ sonna çatdığı üçün universitetlərin bağlanması gələn ilə planlaşdırılır.
Mənbə bildirib ki, Təhsil Nazirliyinin hazırladığı siyahıda 10-a yaxın təhsil ocağının adı var. Onların hamısı özəl universitetlərdir. Məlumatda vurğulanır ki, siyahıya rəhbərlik edəcək təhsil ocağı isə Azərbaycan İctimai-Siyasi Universitetdir. Belə ki, Rasim Nəbiyevin başçılıq etdiyi bu ali məktəbin adının «qara siyahıya» düşməsinin əsas səbəbi universitetdə təhsilin səviyyəsinin həddindən aşağı olması və rektorun adının siyasi prosseslərə qarışmasıdır.
Qeyd olunur ki, bu il qəbulla bağlı problem yaşamayacaq. AİSU-nun əsas probemi gələn ildən başlayacaq. Bildirilir ki, Təhsil Nazirliyi gələn ildən etibarən universitetə qəbulla bağlı planı ləğv edəcək. Artıq bununla bağlı universitet rəhbərliyini də xəbərdar ediblər. Onların diqqətinə çatdırılıb ki, növbəti ildən əllərini qəbul məsələsindən üzsünlər.
Mənbə bildirir ki, Rasim Nəbiyev məsələdən xəbər tutduqdan sonra yuxarılarla danışıqlara başlayıb. Amma onun şans əldə edəcəyi inandırıcı görünmür. İddaialara görə, Nəbiyevin rəhbərlik etdiyi təhsil ocağının bağlanmasına yuxarılar da razılıq veriblər. Elə buna görə də, onun problemi həll edə bilməsi inandırıcı görünmür.
Xatırladaq ki, AİSU 1991-ci ilin iyun ayından fəaliyyət göstərir. Əvvəlcə Ali İctimai-Siyasi Kollec adı ilə təhsil sektoruna gələn universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu alıb.
AİSU-da Azərbaycan bölməsində Beynəlxalq iqtisadi münasibətlər (əyani), Regionşünaslıq (Yaxın və Orta Şərq) (əyani), Azərbaycan dili və ədəbiyyatı (əyani, qiyabi), Xarici dil və ədəbiyyat (ərəb dili, əyani) və Jurnalistika (əyani, qiyabi) fakültələri fəaliyyət göstərir. Rus bölməsində isə yalnız Beynəlxalq iqtisadi münasibətlər (əyani) fakültəsi mövcuddur.

9 авг. 2013 г.

Azərbaycan dili və ədəbiyyat dərslikləri birləşdirilməlidir

Müəllimlərimiz Azərbaycan dili dərsliyindəki qrammatik bilgilərin azlığından şikayətlənirlər

İxtisasartırma kurslarına gələn müəllimlərlə söhbətlərimiz zamanı Azərbaycan dili və ədəbiyyat dərslərinin tədrisində xeyli problemlər olduğunun şahidi oluruq. Bu yazıda həmin problemlərin qaynağını və onun həlli yollarını müəyyənləşdirməyə çalışmışam.
  
2006-cı ildən həyata keçirilən kurikulum cəmiyyətə təqdim edildiyi gündən mübahisələrin obyektinə çevrilib. Məncə, layihənin təqdimatındakı yanlışlıq və yanlış anlaşılma bu mübahisələrə səbəb olub. Çünki uzun illər işləyib, böyük təcrübələr qazanmış müəllimlərə bu layihə elə formada təqdim edilib ki, sanki onların indiyə qədər öyrəndikləri və öyrətdikləri  lazımsız bir şey imiş.
“Kurikulum gəldisə, bütün indiyə qədər olanları kökündən söküb atacağıq və yenidən yeni və bizə məlum olmayan bir bina tikəcəyik “-kimi bir anlam verdilər. Layihənin mahiyyətini tam dərk etməyənlər bunu bu cür qəbul edərək, ya bilən adamlar kimi təbliğ etməyə başladılar, ya da əks mövqedə duraraq əleyhinə çıxdılar. Bu isə dünyaya inteqrasiya olunmaq üçün həyata keçirilən layihənin doğulandan qüsurlu olduğu görüntüsü yaratdı.
Hamımız qəbul etməliyik ki, bizim çox gözəl dərsliklərimiz və təcrübəli müəllimlərimiz az olmayıb və indi də var. Bu səviyyədə olan müəllimlərimiz təhsilin yeni tələblərindən olan şəxsiyyətyönümlülük prinsipini daim yüksəkdə tutub, təliminin əsas məqsədinə çevirib. Sadəcə proqram və dərsliklərimiz bəzən müəllimlərimizi fənyönümlü dərs keçməyə sürükləyib və düz bildiklərinin istifadəsi üçün imkan verməyib. Elə bu səbəbdən də təhsilə yanaşmanın prinsiplərini dəyişməli idik. Dəyişdik və tanıtımına başladıq. Bu layihə ilə tanış olan müəllimlərin bir qismi gördü ki, deyilənləri artıq o, öz dərslərində həyata keçirir.  Elə bu zaman da  problemlər yaranmğa başladı. 
Əvvəlcədən düzgün təqdim edilməyən layihənin mahiyyətinin “elə bütün müəllimlərin dərslərə bu cür yanaşması” olduğunu inandıra bilmədik. İnandıra bilmədik ki, hələ Seyid Əzim Şirvani 150 il bundan öncə hazırladığı “Uşaqların baharı” dərsliyi ilə millətinə və bəşəriyyətə yararlı övladlar yetişdirməyi qarşısına məqsəd qoyub. Yeni dərsliklər və dərslər də sadəcə bilik öyrətməklə yox, bilikdən bir vasitə kimi istifadə edib insan yetişdirməklə də seçilməlidir. Qəbul edilən kurikulum yox, istənilən inkişaf etmiş ölkələrdən birinin təhsil sistemindən yararlansa idik, yenə təhsilə münasibət sovet təhsilindən fərqli olacaqdı. 
 
Əslində, bu layihənin adını nə qoyuruq-qoyaq, birmənalı olaraq vurğulamaq istəyirəm ki, təhsilə yeni yanaşmağımız çox vacib idi. Çünki kürəsəlləşən dünyadan geri qalmamağımız üçün biz inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməli idik.
 
Elə bu səbəbdən də bugünkü Azərbaycan dili dərslərinin tədrisində bir çox  problemlər ortaya çıxır. Bu problemlərin bir qismini sadalamaq istərdim:
Azərbaycan dili və Ədəbiyyat fənləri üçün yazılmış fənn kurikulumun məzmun standartlarındakı oxşarlıqlara və  eyniliklərin olması həmin problemlərdən biri və birincisidir.
derslikbirlesikkk
Yuxarıdakı cədvəldə gördüyümüz kimi, Azərbaycan dili və ədəbiyyat dərsləri üçün hazırlanmış standartların çoxu müəllimi eyni mətləbə toxunmağa sövq edir. Hazırkı 5-ci sinif Azərbaycan dili dərsliyinin müəllifləri də haqlı olaraq dərsliyin ana sütununu mətnlər üzərində iş əsasında qurub. Bunu görən müəllimlər öz növbəsində haqlı olaraq düşünürlər ki, axı Azərbaycan dili dərsliyi ədəbiyyatdan nə ilə fərqlənir? Bu zaman ənənəvi dərsliklərə söykənərək qrammatik biliklərin azlığından şikayətlənirlər. Və ya heç şikayətlənmir, sadəcə dərsini qrammatik biliklər əsasında qurmağa başlayır. Bu isə layihəni hədəfdən yayındırır? şəxsiyyət yönümlü tədrisdən fənyönümlü tədrisə yenidən meyillənməyə gətirib çıxarır.
  
“Hörmət etdiyim alimlərimizdən biri yeni 5-ci sinif dərsliyini əlinə alaraq deyir ki, bu boyda kitabda (208 səhifə) qrammatik qaydaları, tərifləri bir yerə toplasan, cəmi 6 səhifə edər. Bunun faciə kimi təqdim edilməsinin özü bir faciədir. Əgər Mübariz İbrahimov kimi qəhrəmanı olan xalqın istənilən bir övladı onun haqqında bir-iki kəlmə söz deyəndə gözlər yaşarmırsa, tüklər biz-biz olmursa, Vətənin keşiyində – səngərdə duran bir əsgər ona uzadılan mikrofona “atama salam, anama salam deyirəm”- deyib, ona baxan milyonlarla insanda mübarizə ruhu, ordumuzun gücünü göstərəcək inam yarada bilmirsə, düşmənimiz erməninin hər hansı bir saytdakı videosunun altında intellektual cavab yazmaqdansa, onu təhqiramiz söyüşlərlə söyürsə, sosial şəbəkələrdəki müzakirələrdə yersiz və ədəbdən kənar ifadələrlə çıxış edirsə, özünün haqlı olduğunu sübut edə bilmirsə, onda biz Azərbaycan dilini niyə öyrədirik? Axı unutmamalıyıq ki, Azərbaycan dili dərsliklərinin üstündə Azərbaycan dilinin qrammatikası yazılmayıb”.
  
Mənə elə gəlir ki, yaxın gələcəkdə Azərbaycan dili fənni ilə ədəbiyyat fənnini birləşdirib bir kitab halında müəllimlərə və şagirdlərə təqdim etməliyik. Bu zaman şagird dil bilgilərini bədii mətnlər üzərində işləyər, şifahi nitqi, ədəbiyyat və həyat həqiqətlərini isə düzgün tədris edə bilərik. Dünyanın bir çox ölkəsində aşağı siniflərdə ədəbiyyat deyilən xüsusi fənn yoxdur.
 
 Ən azından yeni dərsliklər yazılanda hər iki dərsliyi hazırlayan nəşriyyat ya birgə işləməli, ya da eyni nəşriyyat hər iki dərsliyi bir komplekt kimi tenderə təqdim etməlidir. Çünki hər iki fənnin dərsliyini hazırlayan müəlliflər eyni standarta uyğun tapşırıqlar qoyur və bu da təkrarçılığa gətirib çıxarır. Qeyd etdiyim kimi, əgər Azərbayan dili və ədəbiyyat dərsliklərini hazırlayan müəlliflər birgə işləsə, məktəbdə özlərini laboratoriyadakı kimi hiss edən müəllimlər hər müəllifin icadını şagirdə təqdim etməyə məcbur olmaz və sonda hər ikisi də çaş-baş qalmazlar.
Necə ki, bu gün qalıblar. məsələn 10-cu sinifdəki ədəbiyyat dərslərində Azərbaycan ədəbiyyatındakı intibah dövrü 17-18-ci əsrdə qeyd edildiyi halda, Azərbaycan tarixi dərsliyində bu intibah dövrü 12-ci əsr qeyd edilir. Beləcə bir ölkədə vahid bir sistem üzrə dərs alan şagirdlər tarixçilərə görə bir, ədəbiyyatçılara görə bir başqa cür öyrənməlidirlər. Eləcə də hazırkı 5-ci sinif Azərbaycan dili dərsliyində məcazi mənalı sözün tərifini və ya öyrədilməsini bir cür, ədəbiyyat dərsliyində təşbehi öyrətmək üçün başqa cür təqdim edirik. Əslində isə, hər ikisi eyni nəzəri fikirdir.
Bayaq qeyd etdiyimiz kimi, bəzi müəllimlərimiz Azərbaycan dili dərsliyindəki qrammatik bilgilərin azlığından şikayətlənirlər. Bunun bir səbəbi də müəllimlərimizin ibtidai sinif dərsliklərini izləməməsindən qaynaqlanır. Halbuki ibtidai sinif dərsliklərinə diqqətlə nəzər yetirilsə, görmək istədikləri biliklərin ibtidai formasının həmin dərslikdə verildiyinin şahidi olarlar. Təəssüflər olsun ki, bəzən müəllimlərimiz dərsliklər üçün hazırlanmış metodik vəsaitləri belə diqqətdən qaçırırlar. Axı dərsliklərdə verilməsi mümkün olmayan bir çox əlavə məlumatlar həmin metodik vəsaitlərdə müəllimlərə təqdim edilir.
Dərsə başlamazdan öncə metodik vəsaitə baxmayan bəzi müəllimlərimiz yeni tapşırıq tiplərini işlətməkdə belə çətinlik çəkirlər. Məsələn: Proqnozlaşdırıcı oxu zamanı qoyulan tapşırıqlar, adətən, bu səbəbdən öz işləkliyini itirir. Çünki proqnozlaşdırıcı oxuda şagirdin mətnin müəyyən bir hissəsində dayanaraq, mətnin sujetini öz fantaziyasına görə davam etdirməli olduğu halda, müəllim mətn oxunub bitdikdən sonra həmin suallara qayıdır. Əslində, müəllim öncədən metodik vəsaitlə tanış olsa idi, bilərdi ki, “Sizcə, bundan sonra qəhrəman nə qərar verəcək?” sualını şagird mətnin ardını bilmədən cavablandırmalıdır. Təəssüflər olsun ki, bu problem hələ də davam etməkdədir.
  
Qrammatik bilgilərin azlığından müəllimlərimiz bir də ona görə narahatdırlar ki, şagirdlər 11-ci sinifdə TQDK-nın qəbul proqramına uyğun imtahan verəcəklər və həmin proqram da sırf qrammatik bilgilərə əsaslanan qiymətləndirməyə söykənir. Amma diqqətdən qaçırmaq olmaz ki, axı bu gün TQDK-nın qəbul proqramı bugünkü 11-ci sinif şagirdinin əvvəldən öyrəndiyi 5-ci sinif dərsliklərinə əsaslanır. Deməli, indi kurikulum layihəsi əsasında təhsil alan şagirdlər hələ 5-ci sinifdədirlər. Onlar 11-ci sinfə çatanda hökmən qəbul proqramı da həmin proqram əsasında hazırlanıb, məntiqi təfəkkürün, dünyagörüşün, inandırmaq qabiliyyətinin, bacarıqların qiymətləndirilməsinə xidmət edəcəkdir. 
 
İkinci bir problemi də müəllimlər onlara təqdim edilən qiymətləndirmə vasitələri zamanı yaşayır. Biz bilirik ki, kiçik summativ qiymətləndirmələr 4-6 həftədən bir keçirilməlidir. Tutaq ki, müəllim dərsi yeni tələblərə uyğun qurdu və tədris etdi. Kiçik summativ qiymətləndirməni isə məktəb rəhbərləri ya kurikulumu bilməyən və bilmədiyi üçün də sevməyən mütəxəssislərə hazırlatdırır, ya da Şərq-Qərb nəşriyyatının 5-ci sinif şagirdləri üçün hazırladığı və Təhsil Nazirliyinin də qrifi ilə çap edilən vəsaitlər əsasında keçirdir. Elə burda da Kərəmi ağlamaq tutur.
 
 Çünki müəllim şagirdə tamam başqa bir dərs keçib, qiymətləndirmə isə buna tamam yaddır və demək olar ki, ziddir. Bu isə çoxluğun istəyinə uyğun olaraq kurikuluma aidiyyatı olmayan bir sistemlə işlənilib. Beləcə dövlətin xərclədiyi pullarla kurslara gedən və sertifikatlar alan bu müəllimlər ruhdan düşür, layihənin ciddiliyini itirdiyini düşünür. Deməli, neçə ildir ki, layihənin həyata keçirilməsi məqsədi ilə beynəlxalq tereninqlərə, kadr hazırlığına, dərsliklərin nəşrinə dövlət büdcəsindən ayrılan vəsait düzgün istifadə edilmir. Və beləcə, dövlət tərəfindən həssaslıqla həyata keçirilən layihə həm  müəllimlərin, həm də valideynlərin gözündən düşmüş olur.
  
Bu isə o deməkdir ki, molla işini bilmirsə, Quran xətalıdır, dərslik yararsızdırsa, müəllim səriştəsizdirsə, ümumilikdə təhsil yararsızdır.  Həqiqətdə isə bu, qətiyyən belə deyil. Sadəcə həm dərslik müəlliflərinin, müəllimlərin, həm nəşriyyatların, həm də dərsliklərin qiymətləndirməsi komissiyasının işə daha diqqətlə yanaşması, vətəndaş mövqeyi sərgiləməsi çox vacib məsələdir.
BPKİYİ. f.ü.f.d., dos. Şəmil Sadiq

2+2 neçə edər? Düşündürücüdür!

 

Buyurun, baxın, mütləq paylaşacaqsız.

 

 

8 авг. 2013 г.

Azərbaycanın təhsil nazirləri-II yazı

Züleyxa İsmayıl qızı Hüseynova 1924-cü ildə Bakıda anadan olub.



əvvəli var

Özünəməxsus ənənələri olan 132 nömrəli orta məktəbi bitirib. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olunub, ali təhsilini başa vurduqdan sonra Yesman adına Energetika İnstitutunun aspiranturasında oxuyub.
1953-cü ildə namizədlik dissertasiyası müdafiə edib, sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilib.
Respublikada ali və orta ixtisas təhsili müəssisələrini özündə birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri olub. Dəfələrlə Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışıb. Beləliklə, Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılıb, o, komitə sədrinin müavini təyin olunub (1961), 1963-cü ildə isə komitənin sədri vəzifəsinə layiq görülüb.
1965-ci ilin iyulunda komitə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib, Züleyxa Hüseynova nazir təyin edilib. Onun nazir kimi fəaliyyəti dövründə respublikada ali təhsil şəbəkəsinin genişləndirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində sanballı işlər görülüb. Belə ki, Azərbaycan Neft və Kimya İnstitutu nəzdində 4 yataqxananın, xarici tələbələr üçün tədris korpusunun inşası onun təşəbbüsü və köməyi ilə reallaşdırılıb. Ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtda Azərbaycan Neft və Kimya İnstitutunun filialı açılıb (həmin filialın bazası əsasında hazırda Sumqayıt Dövlət Universiteti fəaliyyət göstərir).
Kirovabad (indiki Gəncə) Texniki İnstitutu da onun təşəbbüsü ilə yaradılıb. Daim gənclərə qayğı göstərib, ali məktəblərə qəbul zamanı imtahanların şəffaf keçirilməsi ücün xüsusi nəzarət komissiyaları yaradıb. Onun müzakirə etdiyi məsələlər və çıxardığı qərarlar respublika rəhbərliyi tərəfindən həmişə bəyənilib və dəstəklənib.
1965-1970-ci illərdə ali və orta ixtisas təhsili naziri vəzifəsində uğurla çalışan Züleyxa Hüseynova 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə seçilib.
1981-ci ildən təqaüdə çıxanadək Azərbaycan SSR Nazirlər Sovetində Elm, texnika və təhsil müəssisələri şöbəsinin müdiri olub. Bir çox elmi məqalə və metodik işləri nəşr olunub. "Avtomobillər və traktorlar" adlı orijinal ali məktəb dərsliyinin həmmüəlliflərindəndir.

Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq Züleyxa Hüseynova zəhmətsevərliyi, ədalətliliyi və insani keyfiyyətləri ilə fərqlənib. İşlədiyi sahələrdə böyük zəhmət sərf edib, dəfələrlə nümayəndə heyətlərinin başçısı kimi bir sıra xarici ölkələrdə olub, Azərbaycanın maarif və təhsil nailiyyətlərini hər yerdə təbliğ edib. Təqaüdə çıxandan sonra Azərbaycan Texniki Universitetində daxiliyanma mühərrikləri kafedrasında məsləhətçi-professor işləyib.
SSRİ Ali Sovetinə (VII-X çağırış) deputat seçilib, Ali Sovetin daimi komissiyasının sədr müavini və sədri, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsi sədrinin müavini olub.
Züleyxa Hüseynovanın əməyi yüksək qiymətləndirilib. "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenləri, bir sıra medal və fəxri fərmanlarla təltif edilib.
Züleyxa Hüseynova 1996-cı ilin mayında dünyasını dəyişib.
Azərbaycan müəllimi

Sinif rəhbəri haqqında əsasnamə

 

Azərbaycan Respublikası Təhsil nazirinin
05 mart 2009-ci il tarixli,
270 №-li əmri ilə təsdiq edilmişdir
 
Ümumi müddəalar
 
Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır.
Sinif rəhbəri fəaliyyətində Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, məktəbin nümunəvi Əsasnaməsini rəhbər tutur.
Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Sinif rəhbərlərinin fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər sinif rəhbər və müəllimə həvalə edilə bilər.
Sinif rəhbərinin fəaliyyəti məqsədyönlü, sistemli, planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə işinin planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv qarşısında duran aktual vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində vəziyyət, müxtəlif illətlərin nümayəndələri arasında etnik və dini münasibətləri tənzimləməklə şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu əsasında qurulur.
 
Sinif rəhbərinin fəaliyyət istiqamətləri
 
Sinif rəhbəri öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:
 
- sinif kollektivini formalaşdırmaq və inkişaf etdirmək;
- müdafiə olunma situasiyası, emosional rahatlıq, şəxsiyyətin inkişafı üçün əlverişli psixoloji-pedaqoji şəraiti yaratmaq;
- hər bir uşağın fərdi özünüifadəsi üçün lazımi şərait yaratmaq, şəxsiyyət kimi inkişaf etdirmək, təkrarolunmazlığını qoruyub saxlamaq və onun potensial u1075 qabiliyyətini aşkarlamaq;
- məktəblinin hüquq və maraqlarını müdafiə etmək;
- sinif kollektivi ilə sistemli iş təşkil etmək;
- şagirdlərlə şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri humanistləşdirmək;
- şagirdlərdə əxlaqi və mənəvi dəyərləri formalaşdırmaq;
- şagird özünüidarə inkişafı vasitəsilə şagirdlərin sosial əhəmiyyətli, yaradıcı fəaliyyətlərini təşkil etmək.
 
Sinif rəhbərinin hüquqları
 
Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
 
- uşaqların fiziki və psixoloji sağlamlığı barədə müntəzəm olaraq məlumat əldə etmək;
- sinifdə dərs deyən fənn müəllimlərinin (həmçinin, məktəb psixoloqu və digər müəllimlərin) işini əlaqələndirmək;
- məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri pedaqoji şurada baxılmaq üçün təqdim etmək;
- mövcud vəziyyəti nəzərə almaqla, uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
- tərbiyə problemləri üzrə təcrübi-eksperimental iş aparmaq;
- valideynləri(onlar əvəz edən şəxsləri) təhsil müəssisəsinə dəvət etmək, onlarla işgüzar əlaqə yaratmaq;
- pedaqoji kadrların yenidən hazırlanması sistemi vasitəsilə pedaqoji ustalığın yüksəldilməsi formalarını seçmək, treninqlər vasitəsilə pedaqoji işin müxtəlif qrup və kollektiv formalarında iştirak etmək;
- məktəb özünüidarəetmə orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və sinif kollektivində sinifdənxaric işin vəziyyətinin qiymətləndirilməsində mövqeyini müdafiə etmək;
- ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma əsasında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (mütəxəssislərə) müraciət etmək. 
 
Sinif rəhbərinin fəaliyyətində aşağıdakılar yolverilməzdir:
 
- uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;
- şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;
- uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;
- şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.
- şagirdlər qarşısında öz həmkarlarını u1086 onların iştirakı olmadan müzakirə etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək. 
 
Sinif rəhbərinin vəzifələri
 
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:
 
Təlim prosesinin təşkili:
- sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
- şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
- şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
- hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
- valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
- eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
- Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.
 
Təşkilati-koordinasiya işi:
- ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
- uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
- fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;
- şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;
- təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;
- sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları);
- şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi;
- məktəbin tibb işçisi u1080 ilə əməkdaşlıq;
- fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;
- əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
- məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
- həftəlik sinif saatları keçirmək;
- hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək;
- sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
- təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
- hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
 
Kommunikativ iş:
- şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;
- müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması.
- müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;
- sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi; 
 
Təhlil-proqnozlaşdırma işi:
- uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;
- şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;
- sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.
 
Sinif rəhbərinin iş formaları
 
Sinif rəhbərinin iş formaları yaranmış pedaqoji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
- sinif kollektivinin dərsdənkənar, məktəbdənkənar işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq işləri, söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər, yarışlar, yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək) təşkili;
- fərdi iş (söhbətlər, məsləhətlər, fərdi köməyin göstərilməsi, problemlərin həllinin birgə axtarışı);
- qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri, özünüidarəetmə orqanları, şuralar) iş. Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər qaldırıla və həll edilə bilər. Şagirdlərlə iş formalarının
seçimində aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
- işin mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin nəzərə alınması;
- tərbiyə prosesinin təşkili prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim və valideynlərin imkanlarının nəzərə alınması;
- tərbiyə işinin metod və formalarının məzmun bütövlüyünün təmin edilməsi. 
 
Sinif rəhbərinin iş rejimi
 
Sinif rəhbərinin iş rejimi ümumtəhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və müəssisənin əsasnaməsində, daxili əmək intizamı qaydalarında, cədvəldə, tədbirlər planında və digər rəsmi sənədlərdə – protokollarda əks olunur.
 
Sinif rəhbərinin işinin dəyərləndirilməsi meyarları
 
Sinif rəhbərinin işi səmərəliliyinə görə: məhsuldarlıq və fəaliyyət meyarları əsasında qiymətləndirilir.
Məhsuldarlıq meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir:
- şagirdlərin ümumi mədəniyyətinin, nizam-intizamının, vətəndaş yetkinliyinin, əxlaqının, tərbiyəsinin səviyyəsi;
- sinif şagirdlərinin davamiyyəti (aşağı, orta, yüksək), ona nəzarət və onun artım formaları;
- rahat psixoloji iqlim.
Fəaliyyət meyarı sinif rəhbəri üçün müəyyənləşdirilmiş sənədlərin mövcudluğu, sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir:
- tərbiyə işinin planı, tərbiyələndirmədə konkret vəzifələrin qoyuluşu və onların icrasını;
- tapşırıqları, dərnəklərdə, bölmələrdə məşğulluğu qeydə alan sinif jurnalını;
- sinifdə dərslərə davamiyyətin jurnalda müntəzəm qeydə alınmasına, dərslərin buraxılmasına nəzarət;
- şəxsiyyətin öyrənilməsinin psixoloji və pedaqoji xəritəsi. 
 
Şagirdlərlə tərbiyə işinin təşkili
 
- kütləvi tərbiyə işləri;
- sinif kollektivinin məktəbin ümumi işlərində iştirakı;
- sinfin məktəbdənkənar tədbirlərdə (rayon, şəhər tədbirləri, müsabiqələr, ekskursiyalar və s.) iştirakının təşkili;
- şagird özünüidarəetmənin inkişafı;
- şagirdlərin sosial müdafiəsi;
- münaqişələri (şagird-şagird, şagird-müəllim) həll etmək bacarığı;
- hər bir şagirdin (özü və ətrafdakılar üçün) əhəmiyyətli fəaliyyətə cəlb olunması.
 
Valideynlərlə iş
 
- valideynlərlə birgə tədbirlər təşkil etmək;
- şagirdlərin ailələri ilə tanışlıq və ailələrlə fərdi işin təşkili. 
 
Sinif rəhbərinin fəaliyyət sahələri
 
- tərbiyə işi, təhsil müəssisəsində, eləcə də şəhər, rayon çərçivəsində təcrübə mübadiləsi üzrə tədbirlərdə iştirak etmək;
- sinifdə şagirdlərlə, tədris prosesinin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyətdə olan pedaqoji işçilərlə birgə fəaliyyət göstərmək.

7 авг. 2013 г.

15 balı toplaya bilməyən uşaqlar məktəblərə qəbul edilməyəcək

 

Komissiyayalar artıq fəaliyyətə başlayıb.

 

 
 
 
Məlum olduğu kimi Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmr imzalamışıdr. Əmrdə istedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilmiş və bu məqsədlə yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən - ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların yaradılması tapşırılımışdır. Komissiyaya rəhbərlik isə yerli təhsil şöbələrinin müdirlərinə həvalə olunub.
 
İmzalnmış yeni qaydalar  hər il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam  olan xüsusi istedadlı uşaqlara vaxtından əvvəl məktəblərə qəbul olunmaq şansını verir.
 
Qeyd edim ki,  6 yaşı tamam olmayan xüsusi istedadlı  uşaqların valideynlərinin ərizələri 20 avqusta qədər qəbul ediləcək.  Ərizə ilə yanaşı lazım olan digər sənədlər də, uşağın doğum haqqında şəhadətnaməsinin əslini və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəkil də komissiyaya təqdim etməlidir.

Ümumtəhsil müəssisəsinin məktəbə hazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunacaqlar.
Qaydalarda uşaqlarla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması, zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır. Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına da icazə verilir.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçiriləcək. Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu həmin müəssisələr tərəfindən, Naxçıvan Muxtar Respublikasında isə Muxtar Respublikanın Təhsil Nazirliyi tərəfindən aparılacaq.
 

6 авг. 2013 г.

2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:
1. 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar:

Abdullayev İlqar Heydər oğlu
Abdullayeva Solmaz Yadulla qızı
Abdullayeva Viktoriya Vasilyevna
Abdullayeva Firəngiz Ələsgər qızı
Abdullayeva Nərminə Şeyx qızı
Ağamalıyeva Validə Şirin qızı
Ağamalıyeva Sədiqə Qəfər qızı
Axundova Vəfa Tahar qızı
Allahverdiyev Aydın Çingiz oğlu
Babaşova Sevda Hacıverdi qızı
Bağırlı Bahar Səməd Vahid qızı
Bəkirov Qafur Seyran oğlu
Cahandarova Səadət Akif qızı
Cəfərli Kərim Süleyman oğlu
Əhmədov Zabul Habil oğlu
Əhmədova Aygün Nizami qızı
Əhmədova Nailə Namaz qızı
Əhmədova Mətanət Eldar qızı
Əliyeva Nərminə Mehdi-ağa qızı
Əliyeva Kifayət Mahal qızı
Əliyeva Təranə Adil qızı
Əliyeva Təranə Əhmədağa qızı
Əliyeva Ramella İşıx qızı
Əliyeva Mahizər Əsgər qızı
Əliyeva Gülnarə Nizami qızı
Əliyeva Ramela Ramis qızı
Əlizadə Xavər Şükür qızı
Əsədova Məlihə Fəxrəddin qızı
Əsgərova Ruhiyyə Tofiq qızı
Fazilova İlahə Rəfail qızı
Fətullayev Teymur Sabir oğlu
Hacıyeva Natavan Qaffar qızı
Hacıyeva Şəkər Nadir qızı
Həmidov Hafiz Əbil oğlu
Həsənov Möhübbət Qüdrət oğlu
Həsənov Oqtay Mayıl oğlu
Həsənov Rahim Rafiq oğlu
Həsənova Əfsanə Arzu qızı
Həsənova Lalə Kamal qızı
Həşimova Kəmalə Ləzgi qızı
Həsrətov Alqış Kamal oğlu
Hüseynova Nahidə Əlövsət qızı
Hüseynova Turan Bayramqulu qızı
Hüseynova Aynur Şamil qızı
İbrahimova Sevda İsmayıl qızı
İbrahimova İlhamə Fəhrad qızı
İlizarova Elmira Borisovna
İlyasova Nuriyyə Kamal qızı
İsgəndərova Yeganə Əvəz qızı
İsgəndərova Minazər Ramiz qızı
Kərbalayeva Amənə Eldar qızı
Kərimova Gülnar Yusif qızı
Mahmudov Talıb Əhməd oğlu
Mahmudova Ruhiyyə Qüdrət qızı
Maqsudova Nurlana Anəs qızı
Məhərrəmov Fazil Yaqub oğlu
Məhərrəmova Şəlalə Nazim qızı
Məmmədov Rafik İslam oğlu
Məmmədov İqbal İnqilab oğlu
Məmmədova Kəmalə Cahangir qızı
Məmmədova Gülçöhrə Mətləb qızı
Məmmədova Nəzakət Zahir qızı
Məmmədova Nərgiz Kərim qızı
Məmmədzadə Dilrubə Tapdıq qızı
Mirizadə Gülşən Məmməd qızı
Muradova Təranə Fərrux qızı
Mursalova Brilyand Arif qızı
Musayeva Esmira Hümbət qızı
Musayeva Əsbət İsaxan qızı
Musayeva Ülviyyə Sahib qızı
Musayeva Ədalət Ələkbər qızı
Mustafayeva Natəvan Əmrah qızı
Mustafazadə Fatma Abbas qızı
Nəcəfova Ruhəngiz Əşrəf qızı
Nəsibli Günel Məhəmməd qızı
Nəsirova Yeganə Gülağa qızı
Nuriyeva Bela Oleqovna
Quliyev Yunis Allahqulu oğlu
Quliyeva Nurlan Səəddin qızı
Qurbanova Nərgiz Tariyel qızı
Qurbanova Təranə Söhrab qızı
Rüstəmova Xalidə Ədalət qızı
Rüstəmova İlahə Məhərrəm qızı
Rzayeva Səbinə Rahil qızı
Seyidov Rza Hüseyn oğlu
Seyidova Rəsmiyyə Bəbir qızı
Səfərova Fəridə Əsgər qızı
Səfiyarova Pərvin Zahid qızı
Səlimova Tatyana Yakovlevna
Şərifova Zəminə Qurban qızı
Şeydayeva Kəmalə Nüsrət qızı
Şirinov Sahil Səhid oğlu
Təhmasib Leyla Arif qızı
Teymurova Samirə Hidayət qızı
Vəliyev Əzizağa Muradxan oğlu
Xasməmmədova Tahirə Oruc qızı
Yaqubova Röya Zahir qızı
Yusubova Afayət Allahverdi qızı
Zeynalova İlhamə Abbas qızı
Zeynalova Səbinə İslam qızı
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2013-cü il.