15 авг. 2013 г.

TQDK-dan soruşurlar.



Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11-illik) orta ixtisas təhsili müəssisələrinə qəbul



— Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs açıq tipli test tapşırıqları üzrə də bu qayda tətbiq edilir?
Cavab: Xeyr, açıq tipli test tapşırıqları üzrə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.

-------------------------------------------------------------------------------------------------------------------------
— Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm? 
Cavab: İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.

-------------------------------------------------------------------------------------------------------------------------

— Cüdo üzrə beynəlxalq yarışın qalibiyəm. Ali məktəbə müsabiqədənkənar qəbul oluna bilərəmmi?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qeyd olunmalıdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə isə beynəlxalq yarışların siyahısı Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir. Belə ki, sonuncu qərara əsasən, yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.
 Bununla bağlı yuxarıda göstərilən kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri müəyyən edilmiş müddətdə TQDK-ya və ya onun regional bölmələrinə təqdim etməlidirlər:
 1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini;
 2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini.
 Sualınıza konkret cavab olaraq bildiririk ki, cüdo olimpiya idman növü olduğundan, cüdo üzrə Olimpiya oyunları və Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə ali təhsil müəssisəsinə müsabiqədənkənar (test və qabiliyyət imtahanlarından azad olunmaqla) qəbul olmaq hüququna malikdirlər.

--------------------------------------------------------------------------------------------------------------------------

— Kimya fənni üzrə keçirilmiş respublika olimpiadasında birinci yeri tutmuşam. Qəbul imtahanında iştirak etmədən ali məktəbə qəbul ola bilərəmmi?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunurlar. Qanunun həmin maddəsinə əsasən, bu güzəşt respublika olimpiadalarının qaliblərinə şamil olunmur.
-------------------------------------------------------------------------------------------------------------------------

— Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm?
Cavab: Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) TQDK-da və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

---------------------------------------------------------------------------------------------------------------------

— Mən I ixtisas qrupu üzrə imtahana hazırlaşıram. Milli Aviasiya Akademiyasına daxil olmaq istəyirəm. Oxuduğum məktəbdə bizə xarici dil kimi fransız dili tədris olunur. Qəbulda xarici dil kimi fransız dilindən imtahan verə bilərəmmi?
Cavab: Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər qəbul imtahanında xarici dil kimi yalnız ingilis dili fənnindən imtahan verməlidirlər.

-----------------------------------------------------------------------------------------------------------------------

— Rus bölməsində təhsil alıram, ali (orta ixtisas) təhsilimi də rus bölməsində davam etdirmək istəyirəm. Bildiyimə görə bu bölmədə təhsil alanlar Azərbaycan dili fənnindən də imtahan verməlidirlər. Bu imtahan barədə ətraflı məlumat almaq istərdim.

 Cavab: Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal TQDK-nın müəyyən etdiyi müsabiqə şərtini ödəməlidir. Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə keçirilir. Birinci imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

---------------------------------------------------------------------------------------------------------------------------

— Mən ötən il rus bölməsinin abituriyenti olmuşam. Azərbaycan dili fənni üzrə imtahandan məqbul almışdım, lakin qəbul imtahanında kifayət qədər bal toplaya bilmədiyimə görə ali məktəbə qəbul olmadım. Bu il Azərbaycan dili fənnindən yenidən imtahan verməliyəm?
Cavab: Hər il ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqə məhz həmin ildə keçirilən imtahanların nəticələrinə əsasən aparılır. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan qəbul imtahanlarının tərkib hissəsidir. Ona görə də siz qəbul qaydalarına əsasən bu il həmin fəndən təkrar imtahan verməlisiniz.


-------------------------------------------------------------------------------------------------------------------

— Mən keçən il kollec bitirmişəm. Bu il isə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak etmək istəyirəm. Bunun üçün hansı sənədləri təqdim etməliyəm?
Cavab: Siz orta ixtisas təhsiliniz haqqında sənədin əslini; şəxsiyyətinizi təsdiq edən sənədin əslini; təhsil aldığınız müəssisə tərəfindən verilən və orta ixtisas təhsilinizin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı; attestatın əslini və ya məzunu olduğunuz təhsil müəssisəsi tərəfindən verilən və attestat qiymətləri göstərilən arayışı müvafiq SQK-ya təqdim etməlisiniz.

------------------------------------------------------------------------------------------------------------------------

— Mən ümumtəhsil məktəbində əla qiymətlərlə oxuyuram. Bilmək istəyirəm ki, ali təhsil müəssisəsinə müsabiqə zamanı bu göstəricim nəzərə alınacaqmı?

Cavab: Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə bir neçə əlavə göstəricilərdən istifadə edilir. Təhsil haqqında sənədə (attestata) "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası müsabiqə zamanı ilk növbədə nəzərə alınan əlavə göstəricilərdən biridir.
--------------------------------------------------------------------------------------------------------------------------

— Övladım İtaliya vətəndaşıdır. Bunu təsdiq edən italyan pasportu var. Ancaq o, hal-hazırda Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır. Oğlumun buraxılış və qəbul imtahanlarına buraxılması üçün onun şəxsiyyətini təsdiq edən sənəd kimi italyan pasportunun qəbul edilib-edilməyəcəyi barədə məlumat ala bilərəmmi?

Cavab: Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqəsini, yaxud da vətəndaşı olduğu ölkənin xarici pasportunu təqdim edir. İmtahan binasına buraxılış rejimi zamanı problem yaranmaması üçün həmin sənəd Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmalıdır.
----------------------------------------------------------------------------------------------------------------------

— Keçid balı ilə müsabiqə şərti anlayışları arasında fərq varmı? 

Cavab: Əlbəttə, var, bunlar fərqli anlayışlardır. Qəbul qaydalarına əsasən, hər hansı bir ixtisas qrupu üzrə, bəzi hallarda isə bu və ya digər ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin imtahan nəticələri TQDK tərəfindən müəyyən edilmiş tələblərə, yəni müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 210 bal toplayıb. Lakin onun riyaziyyat və fizika fənlərinin hər hansı birindən nisbi balı 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq.
 Bu və ya digər ixtisasa keçid balı isə yalnız müsabiqə nəticəsində formalaşır. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 60 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 250 nəfər göstərib. Bu zaman həmin 250 nəfərdən ən yüksək bal toplayan 60 abituriyent bu ixtisasa qəbul edilir və 60-cı abituriyentin balı həmin ixtisas üzrə formalaşmış minimal keçid balı olur.

----------------------------------------------------------------------------------------------------------------------

— Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?
Cavab: Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
 Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.

-----------------------------------------------------------------------------------------------------------------------
— Mən keçən il mərkəzləşdirilmiş imtahandan kəsildiyimə görə attestat ala bilməmişəm. Mən bu il hansı şərtlərlə sənəd verə bilərəm?
Cavab: Ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanına buraxılan abituriyentlər TQDK-nın internet saytında göstərilən müvafiq formada arayış təqdim etməklə sənəd verə bilərlər.

-------------------------------------------------------------------------------------------------------------------------

— Hal-hazırda hərbi xidmətdəyəm. İyulun 1-i hərbi xidməti başa vuracağam. II qrupun imtahanı iyul ayında keçiriləcək. Sənədlərimi mənim əvəzimə valideynlərim təsdiq etdirə bilərlərmi?
Cavab: Xeyr, sənəd qəbulu üçün ayrılmış müddətdə hərbi biletinizdə sizin ordudan tərxis olunmağınız və yaşayış yeri üzrə hərbi uçota alınmağınız haqqında müvafiq qeydlər olmalıdır. Yalnız bundan sonra sizin sənədləriniz təsdiq oluna bilər.

--------------------------------------------------------------------------------------------------------------------

— Mən Polis Akademiyasına sənədlərimi vermişəm. Bu ali təhsil müəssisəsindən başqa digər bir ixtisası seçə bilərəmmi?
Cavab: Xüsusi təyinatlı ali təhsil müəssisəsini seçən abituriyentlər (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi komissiyadan uğurla keçdiyi təqdirdə) ixtisas seçimi zamanı bu ali təhsil müəsisəsinin ixtisası ilə yanaşı mülki ali təhsil müəssisələrinin ixtisaslarını da seçə bilərlər. Bu zaman yadda saxlamaq lazımdır ki, hər hansı xüsusi təyinatlı ali təhsil müəssisəsini seçən abituriyent ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent mülki ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmır.

--------------------------------------------------------------------------------------------------------------------

— Bu il ali məktəblərə keçirilən imtahanda açıq tipli test tapşırıqları olacaqmı? 
Cavab: 2012-ci ildə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq:
 I ixtisas qrupu – riyaziyyat və fizika;
 II ixtisas qrupu – riyaziyyat və coğrafiya;
 III ixtisas qrupu – riyaziyyat və tarix;
 IV ixtisas qrupu – riyaziyyat və kimya.

----------------------------------------------------------------------------------------------------------------------

— Mən texnikumda dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəmmi? 
Cavab: Bəli, sizin ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaq hüququnuz var. Siz yenidən dövlət hesabına orta ixtisas təhsili ala bilməzsiniz.

-------------------------------------------------------------------------------------------------------------------------

— Mən bu il II ixtisas qrupu üzrə imtahan verəcəm. Xarici dil kimi rus dilini seçə bilərəmmi? 
Cavab: Bəli, ali təhsil müəssisələrinə I, II və III ixtisas qrupları üzrə Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi rus dilini seçə bilərlər.

-----------------------------------------------------------------------------------------------------------------------

— Mənim oğlum ötən il keçirilən qəbul imtahanlarında iştirak edib lakin qəbul ola bilməyib. Bu ilin iyulun 26-da onun 18 yaşı tamam olacaq. O, builki qəbul imtahanlarında iştirak edə bilərmi? 
Cavab: Hərbi Komissarlığın müvafiq təlimatınsa əsasən, 1994-cü il təvəllüdlü, iyul ayının 30-dək anadan olan gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Azərbaycan Respublikasının Hərbi komissarlığının müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır. Oğlunuz yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.

--------------------------------------------------------------------------------------------------------------------

— Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm? 
Cavab: Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına, Dövlət Sərhəd Xidməti Akademiyasına, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Bu barədə daha ətraflı məlumatı həmin tədris müəssisələrindən də ala bilərsiniz. Polis Akademiyasına qəbulla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 1-ci sayımda dərc olunur.

------------------------------------------------------------------------------------------------------------------

— Mən bu il 11-ci sinfi bitirəcəm. Orta ixtisas təhsili müəssisələrinə (texnikumlara) qəbul olmaq üçün ayrıca imtahan verməliyəm, yoxsa ali məktəblərə keçirilən imtahanda iştirak etməliyəm? 
Cavab: Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə -ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra Siz orta ixtisas təhsil müəssisələri üzrə ixtisas seçimində iştirak edə bilərsiniz. İxtisas seçimi internet vasitəsilə yerinə yetirilməlidir. Orta ixtisas təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
 I ixtisas qrupu – tex­ni­ki və texnoloji, iqtisadiyyat və idarəetmə, hüquq, təhsil, dizayn və bədən tərbiyəsi ixtisasları;
II ixtisas qrupu – kimya-texnoloji və səhiyyə ixtisasları;
III ixtisas qrupu – humanitar, təhsil, mədəniyyət və incəsənət ixtisasları.
Оrta ixtisas təhsili müəssisələrinin I qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və IV qruplarının abituriyentləri, II qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin I və IV qruplarının abituriyentləri, III qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupunun abituriyentləri iştirak edə bilərlər.

-----------------------------------------------------------------------------------------------------------------------

— İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir? 
Cavab: İkinci ali təhsil almaq istəyən abituriyent ümumi qaydalarla TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak etməlidir. Belə abituriyent Sənəd Qəbulu Komissiyasına digər abituriyentlərdən fərqli olaraq tam orta təhsil haqqında sənədi deyil, ali təhsil haqqında sənədi (əslini), əvvəlki ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı və attestat qiymətləri haqqında arayışı təqdim etməlidir. Qəbul qaydalarına əsasən, dövlət hesabına ali təhsil almış abituriyentlər yenidən dövlət sifarişi əsasında ali təhsil ala bilməzlər.

1 комментарий:

  1. salam,11illik bazadan kolleclere qebul zamani ayri-ayri fenlerden nisbi bal mehdudiyyeti varmi?

    ОтветитьУдалить