31 июл. 2013 г.

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ KİMLƏR OLUB?

 I yazı.

Danil Piri oğlu Quliyev

Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji        İnstitutuna daxil olub, 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Hərbi xidmətdən tərxis edildikdən sonra "Azneft" Texniki Təchizat Trestində böyük mühəndis kimi çalışıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, üçüncü kursdan Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin müvafiq fakültəsinə köçürülüb. 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra aspiranturada saxlanılıb. 1956-cı il sentyabrın 24-də Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetində "Azərbaycan partiya təşkilatının neft sənayesinin texniki tərəqqisi uğrunda mübarizəsi (dördüncü beşillikdə)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1958-ci ildən 1959-cu ilə qədər Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işləyib. Hələ Partiya Tarixi İnstitutunda çalışarkən əvəzçilik qaydası ilə 1959-cu ilin yanvarından 1961-ci ilin iyununa qədər Bakı Ali Partiya  Məktəbində Sov.İKP tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 1961-ci ildən 1970-ci ilə kimi Bakı Ali Partiya Məktəbinin rektoru işləyib.
Danil Quliyev 1967-ci ildə Azərbaycan KP MK-nın üzvü, 1968-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
"Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri", "Azərbaycan tarixi" kitablarının hazırlanmasında yaxından iştirak edib. 1989-cu ildə onun redaktorluğu ilə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə dair sənədlər toplusu buraxılıb. Böyük ictimai-siyasi xadim Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev 1987-ci ildə tarix elmləri doktoru adına layiq görülüb.
1970-ci il avqustun 24-də Azərbaycanın ali və orta ixtisas təhsili naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə çalışdığı 1970-1971-ci illərdə müəyyən səmərəli işlər görüb. 1971-1976-cı illərdə Azərbaycan KP MK-nın ideologiya üzrə katibi işləyib.
1995-ci ildə təqaüdə çıxan Danil Quliyev ömrünün sonuna kimi Almaniyada yaşayıb. 2001-ci ildə dünyasını dəyişib, Berlində dəfn olunub. Ardı var.
Azərbaycan müəllimi

Təhsil Nazirliyi: “Ev tapşırıqlarının həcminin çoxluğu kurikulumla bağlı deyil”

Təhsil Nazirliyi kurikulum proqramının ağır olması barədə iradları əsassız sayır.

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi fənlər üzrə kurikulumlarda əsas yeri həmin fənnin məzmununu ifadə edən dövlət standartlarının tutduğunu bildirib.

Dövlət standartlarında hər bir sinif və təhsil səviyyələrinin (ibtidai, ümumi orta, tam orta) sonunda şagirdlərin nail olacaqları bacarıqlar və mənimsəyəcəkləri zəruri biliklər əks olunub. Məzmun standartları bilavasitə şagirdlərin təfəkkürlərinin inkişafına, onlarda idraki, kommunikativ (ünsiyyət), psixomotor bacarıqların formalaşdırılmasına yönəlib, dərsliklər də bu istiqamətdə hazırlanıb. Yeni kurikulumlar bilikləri hazır şəkildə şagirdlərə ötürməyi deyil, öyrənmə prosesində onların fəallığını, müstəqil fikir bildirmələrini və nəticələr çıxarmalarını, düşünmə yolu ilə problemlərə müstəqil cavab tapmalarını, yaradıcılığa, tədqiqatçılığa meyl etmələrini tələb edir. Belə olan halda, sinifdə işgüzar təlim şəraiti yaranır, uşaqların özünə inamı artır və onlar öyrənmə prosesinə daha fəal qoşulurlar: “Ev tapşırıqlarının həcminin çoxluğuna gəlincə isə, bildiririk ki, bu, kurikulumla bağlı deyil. Əslində, müasir tələb bundan ibarətdir ki, evə tapşırıq aşağı siniflərdə ya heç verilməsin, ya da çox az həcmdə verilsin. Çünki təlim materialları əsasən, sinifdə mənimsədilməlidir”.

Ödənişli əsaslarla təhsil alanlara şans verildi.

Ödənişli əsaslarla təhsil alan tələbələrin dövlət vəsaiti hesabına təhsil alması şansı var.

 Lent.azın verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən, dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur.
 
Həmin təhsilalan dövlət sifarişi çərçivəsində təhsil alması ilə bağlı şərtləri qəbul etdiyi təqdirdə, bu proses müvafiq qaydada rəsmiləşdirilir. Tələbələrin biliyinin attestasiyası ali təhsil müəssisəsi tərəfindən aparılır.
 

29 июл. 2013 г.

Müəllimlərin hamısı peşəkarlıq baxımından eyni səviyyədə ola bilməz.

“Tələbatı ödəməyən müəllimlərin hələ də məktəblərdə qalıb işləməsi ciddi problem kimi qiymətləndirilir”.



ANS PRESS-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarına cavab verilərkən qeyd edilib. Bildirilib ki, bəzi məktəblərin rəhbərləri tərəfindən belə müəllimlərə qarşı loyal münasibət bəslənməsi və tələbkarlıq göstərilməməsi faktları da yox deyildir.

“Əlbəttə, məlum məsələdir ki, məktəblərdəki müəllimlərin hamısı peşəkarlıq baxımından eyni səviyyədə ola bilməz. Lakin “zəif” adlandırılan müəllimi də birdən-birə kənarlaşdırmaq düzgün deyildir. Məktəblərdə onlarla ardıcıl iş aparılmalı, ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb edilməli, özünütəhsili təşkil olunmalıdır. Hesab edirik ki, problemin həllində ictimaiyyət, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları da yaxından iştirak etməlidir”.

Həmçinin bildirilib ki, pedaqoji müşahidələr və araşdırmalar göstərir ki, müəllim tələb olunan səviyyədə elmi-nəzəri biliyə malik olmaqla yanaşı, onun pedaqoji taktı, uşaqlarla ünsiyyət qurmaq, əməkdaşlıq etmək bacarığı, metodikası yoxdursa, onların rəğbətini qazana bilmirsə, dərs dediyi sinifdə normal təlim şəraiti olmayacaq. Elmi-nəzəri hazırlığı ilə həmin bacarıqları üzvi şəkildə birləşdirə bilən müəllim peşəkar müəllim adlanır. Peşəkar müəllim ən “çətin” uşağı belə, müəyyən edilmiş nizam-intizam çərçivəsində saxlaya bilir.

Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin adları açıqlandı – SİYAHI

490_V7c4lAzR7sCt

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya 41 namizədin xaricdə təhsil alması ilə bağlı qərar verib. Siyahını sizə təqdim edirik:
Abbasova Nərmin Müstəcəb qızı
Ağabalayev Əbülfəz Eyyub oğlu
Babayev Toğrul Fizuli oğlu
Babayev Baba İlqar oğlu
Bayramov Tural Etibar oğlu
Cəbrayılov Ağasəf Elşad oğlu
Əhmədov Tural Bahadur oğlu
Ələsgərov Abbas Arzu oğlu
Ələskər-zadə Riyad Füzuli oğlu
Əliyev Ruslan Əlövsət oğlu
Əliyeva Gülnar Mutavil qızı
Əzimli Hünər Babək qızı
Fərhadlı Bəhruz Elman oğlu
Fərhadov Tural Sərhad oğlu
Hacıyev Fuad Arif oğlu
Həsənalıyeva Gültəkin Akif qızı
Həşimov Cəlal Rövşən oğlu
İmanlı Fərid Zahid oğlu
İsgəndərova Fatma İsgəndər qızı
İsmayılzadə Nicat Rəhimulla oğlu
Məhərrəmli Məhəmməd Mirqalib oğlu
Məmmədov Şahlar Şahmar oğlu
Məmmədov Arzu Ruslan oğlu
Məmmədov Rüstəm Nizamiyeviç
Məmmədov Ceyhun Qalib oğlu
Məmmədova Günel İlqar qızı
Mikayılov Nurlan Şamil oğlu
Nəzərli Nicad Emil oğlu
Novruzov Tural Zöhrab oğlu
Orucov Nəriman Zakir oğlu
Pənahov Fərhad Aydın oğlu
Qarayeva Vüsalə Arif qızı
Rəcəbov Pərviz Mübariz oğlu
Rzayev Fərhad Mühəndis oğlu
Rzayev Saleh Valeh oğlu
Salmanzadə Fuad Səməd oğlu
Səttərov Fəxri Rasim oğlu
Tağıyev Anar Yusif oğlu
Vəlizadə Pərviz Elşən oğlu
Yolçuyev Nihad Qüdrət oğlu
Zeynallı Fidan Natiq qızı
Təhsil Nazirliyi adları qeyd olunan şəxsləri təbrik edərək, onların xarici ali təhsil müəssisələrini yüksək akademik göstəricilərlə başa vuracaqlarına və əldə etdikləri bilik və bacarıqlardan ölkəmizin davamlı inkişafı naminə səmərəli istifadə edəcəklərinə ümid edir.
Digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcək.
2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu davam edir.
Xatırladaq ki, gənclərin xaricəd təhsil alması prezidentin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında həyata keçirilir.
Publika.az

Orta ixtisas təhsili müəssisələrinə qəbul şərtləri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsinin şərtlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 11 illik təhsil bazası üzrə kolleclərə ayrıca imtahan keçirilmir və qəbul yalnız ali məktəblərə keçirilmiş imtahanda toplanmış ballar əsasında müsabiqə yolu ilə həyata keçirilir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I, II, III və ya IV qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan, II qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I və ya IV qrupu üzrəimtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan, III qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun III qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları ilə yanaşı (həmin ixtisaslar jurnalın bu sayında təqdim edilmişdir), ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunacaq) göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları www.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
 
Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
 
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları ixtisaslar siyahısında ulduz (*) işarəsi ilə qeyd olunub. Bu ixtisasları yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanlarında topladıqları balı 20 və daha yüksək olan abituriyentlər seçə bilərlər. Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı verilir.
Ali təhsil müəssisələrinin “Təsviri sənət”, “Dekorativ-tətbiqi sənət və dizayn”, “Heykəltəraşlıq” “Memarlıq”, “Dizayn” komissiyalarında qabiliyyət imtahanından topladığı yekun balı 3 və daha yüksək olan, “Təsviri incəsənət müəllimliyi”, “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” komissiyalarında isə “məqbul” alan abituriyentlər orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.
 
Hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 günədək müddətdə qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
xezrxeber.com

27 июл. 2013 г.

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında

 
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ.
 QƏRAR № 5
 Bakı şəhəri, 13 yanvar 2011-ci il
 "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında
 
 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 
1. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
 1. Ümumi müddəalar
 
  1.1. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi (bundan sonra - Nümunəvi Nizamnamə) "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 29.0.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və digər müvafiq normativ hüquqi aktları rəhbər tutur.
1.3. Bu Nümunəvi Nizamnamə hər bir ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
1.4. Dövlət ümumtəhsil məktəbinin yaradılması, yenidən təşkili və ləğvi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
1.5. Mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkil edilə bilər.
1.6. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.
1.7. Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.8. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
1.9. Ümumtəhsil məktəbinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Ümumtəhsil məktəbinin təsisçisi ümumtəhsil məktəbinin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onun yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır. Ümumtəhsil məktəbi öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Qanunvericilikdə və ya ümumtəhsil məktəbinin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, ümumtəhsil məktəbinin təsisçisi (iştirakçısı) ümumtəhsil məktəbinin öhdəlikləri üçün, ümumtəhsil məktəbi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
1.10. Ümumtəhsil məktəblərində tədris dili dövlət dili - Azərbaycan dilidir.
1.11. Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
1.12. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında" 2002-ci il 29 aprel tarixli 74 nömrəli, "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2002-ci il 10 may tarixli 78 nömrəli, "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 217 nömrəli və "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
1.13. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.
1.14. Ümumtəhsil məktəbi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, təhsil birlikləri və assosiasiyalarına üzv olmaq hüququna malikdir.
1.15. Ümumtəhsil məktəbi hüquqi şəxsdir. Onun müvafiq qanunvericiliyə uyğun olaraq, xəzinə və banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Ümumtəhsil məktəblərinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir.
1.16. Ümumtəhsil məktəbi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
1.17. Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.
1.18. Ümumtəhsil məktəbi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
2. Ümumtəhsil məktəbinin strukturu
 
2.1. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.
2.2. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (I-IX siniflər), tam orta (I-XI siniflər) məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.
2.3. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir.
Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.
2.4. Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.
2.5. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.
2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.
2.7. Ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir.
 3. Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları
 
3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir.
3.2. Ümumtəhsil məktəbində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir.
3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.
3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır.
3.5. Ümumi orta təhsil şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.
3.6. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə alınmaqla, şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması üçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələri, xarici dillərdən birində (yaxud bir neçəsində) ünsiyyət saxlamaları təmin olunur.
3.7. Ümumtəhsil məktəbi dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodik tədbirlərin həyata keçirilməsində müstəqildir.
3.8. Ümumtəhsil məktəbində, bir qayda olaraq, əyani təhsilalma forması tətbiq olunur. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərə, habelə hər hansı bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlərə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalar daxilində həmin sahə üzrə fərdi təhsil təyin edilə bilər.
3.9. "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarına uyğun olaraq, səhhətinə görə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyən şagirdlər üçün xüsusi tədris planı əsasında "Evdə təhsil" forması tətbiq edilir.
3.10. Ümumtəhsil məktəbinin bu və ya digər səbəbdən təhsildən kənarda qalan şagirdləri müəyyən edilmiş qaydalara əsasən ümumi orta və tam orta təhsil proqramları (kurikulumları) üzrə sərbəst hazırlaşıb eksternat qaydasında buraxılış imtahanı verərək, təhsil sənədi almaq hüququna malikdirlər.
 
 4. Ümumtəhsil məktəbində təlim-tərbiyə prosesinin təşkili
 
4.1. Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.
4.2. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.
4.3. Pedaqoji prosesin "müəllim-şagird" əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində başlıca istiqamətlərdən hesab olunur.
4.4. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmış komissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır.
4.5. Ümumtəhsil məktəbinin I sinfinə qəbul üçün uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığının vəziyyəti barədə müəyyən edilmiş nümunədə arayış təqdim olunur.
4.6. Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında şəhadətnamə hesab edilir.
4.7. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur.
4.8. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ümumtəhsil məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən etdiyi qaydalara uyğun qəbul olunurlar.
4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
birinci yarımil - 15 sentyabr - 29 dekabr;
ikinci yarımil - 6 yanvar - 31 may.
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
 6 gün payız tətili (12-17 noyabr);
 7 gün qış tətili (30 dekabr - 5 yanvar);
 8 gün yaz tətili (17-24 mart).
4.11. Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilir.
4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilər.
4.13. Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.
4.14. Dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35, digər siniflərdə 45 dəqiqə müəyyən edilir.
4.15. Ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
4.16. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə digər tədris proqramları ilə təhsilə cəlb olunurlar.
4.17. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
4.18. Ümumtəhsil məktəbində təlim-tərbiyə işləri planlaşdırılarkən, şagirdlərin meyil və marağına uyğun dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə psixoloji cəhətdən gərgin ailə mühitində böyüyən uşaqlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.
4.19. Ümumtəhsil məktəbində şagirdlərin təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.
 
 5. Ümumtəhsil məktəbinin idarə olunması
 
5.1. Ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.
5.2. Ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
5.3. Ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları və s.) yaradıla bilər.
5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir:
5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;
5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;
5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir;
5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;
5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;
5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır;
5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;
5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir;
5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;
5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.
5.5. Ümumtəhsil məktəbinin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış öz nizamnaməsi ilə müəyyən olunur.
5.6. Ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.
 
 6. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları
 
6.1. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
6.1.1. təhsilalanlar - şagirdlər;
6.1.2. təhsilverənlər - müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, loqopedlər, dərnək və musiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərki hazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər;
6.1.3. valideynlər və ya digər qanuni nümayəndələr;
6.1.4. təhsili idarəetmə orqanları.
6.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.
6.3. Ümumtəhsil məktəbinin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması, yaxud intizam tənbehinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
 
7. Ümumtəhsil məktəbində təhsilalanların hüquq və vəzifələri
 
7.1. Təhsilalanların hüquqları aşağıdakılardır:
7.1.1. təhsil alacağı ümumtəhsil məktəbini, tədris dilini, təhsilin təmayülünü, sinifdənkənar məşğuliyyəti sərbəst seçmək;
7.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
7.1.3. ümumtəhsil məktəbinin mövcud infrastrukturundan (tədris laboratoriyaları, emalatxana, kitabxana, idman qurğularından və s.) istifadə etmək, dövlət və bələdiyyə müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
7.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
7.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
7.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
7.1.7. ümumtəhsil məktəbinin təhsil, ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;
7.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
7.2. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
7.3. Təhsilalanların vəzifələri aşağıdakılardır:
7.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
7.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
7.3.3. təhsil aldığı ümumtəhsil məktəbinin nizamnaməsinin tələblərinə riayət etmək;
7.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;
7.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;
7.3.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
7.4. Özəl ümumtəhsil məktəblərində təhsilalanların sosial müdafiəsi məktəbin nizamnaməsi ilə tənzimlənir.
 8. Ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri
 
 8.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
8.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
8.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək;
8.1.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
8.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.1.5. məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
8.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;
8.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;
8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
8.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
8.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
8.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
8.2.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.2.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
8.2.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
8.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
8.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
8.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
 9. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
 
9.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
9.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
9.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
9.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
9.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
9.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
9.2.1. övladlarının (qəyyumluğunda və yaxud himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
9.2.2. övladlarını (qəyyumluğunda və yaxud himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
9.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
 10. Ümumtəhsil məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası
 
10.1. Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
10.2. Dövlət ümumtəhsil məktəbinin maliyyələşdirilməsi müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir.
10.3. Təhsil sahəsinin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə azkomplektli dövlət ümumtəhsil məktəbi mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
10.4. Dövlət və bələdiyyə ümumtəhsil məktəbləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
10.4.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
10.4.2. hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
10.4.3. təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;
10.4.4. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
10.4.5. məktəbin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
10.4.6. beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant və vəsaitlər;
10.4.7. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
10.5. Özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyə-ləşdirilir:
10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər;
10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri;
10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;
10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
10.6. Özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
10.7. Özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər bir təhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına) uyğun olaraq sərbəst müəyyən edir.
10.8. Özəl ümumtəhsil məktəbi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
10.9. Ümumtəhsil məktəbinin maddi-texniki bazasına binalar, torpaq sahələri, müxtəlif qurğular, maşın və avadanlıqlar, tibb, iaşə və idman obyektləri və digər əmlak daxildir.
10.10. Ümumtəhsil məktəbi istifadəsində olan maddi-texniki bazanın və əmlakın saxlanması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
10.11. Ümumtəhsil məktəbi göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.
10.12. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.
10.13. Ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.
 
 11. Ümumtəhsil məktəbinə aid sənədlər
 
11.1. Ümumtəhsil məktəbində tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri istifadə edilir.
11.2. Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.
11.3. Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.
11.4. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, habelə məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən məktəb direktorunun əmri ilə təyin olunurlar.
11.5. Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) məktəbin əsas vəsaitlərinin, inventar-avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
 12. Ümumtəhsil məktəbinin beynəlxalq əlaqələri
 
12.1. Ümumtəhsil məktəbi beynəlxalq əlaqələr sahəsində aşağıdakı hüquqlara malikdir:
12.1.1. qanunvericiliyə uyğun olaraq xarici ölkələrin ümumtəhsil məktəbləri ilə birbaşa əlaqələr yaratmaq, onlarla təcrübə mübadiləsi aparmaq;
12.1.2. qarşılıqlı dəvət əsasında əməkdaşlıq etdiyi məktəbin nümayəndə heyətini qəbul etmək, həmin məktəbə nümayəndələr göndərmək;
12.1.3. birgə seminar, konfrans və digər tədbirlər təşkil etmək, təhsil layihələrində iştirak etmək;
12.1.4. beynəlxalq birlik və assosiasiyalara üzv olmaq.

26 июл. 2013 г.

MİSİR MƏRDANOVUN ARDINDAN TQDK SƏDRİ YOLA SALINIR?

Kimlərsə həqiqətən gələn ilki qəbul imtahanlarının sədri yeniləşmiş TQDK tərəfindən keçirilməsini qarşılarına məqsəd qoyublar.

Son vaxtlar Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadəyə qarşı tənqidlər səslənməyə başlayıb. Tənqidlərin əsas hissəsini isə onun son qəbul imtahanları zamanı keçid ballarını xeyli aşağı salması göstərilir.
Məsələn, TQDK birinci qrupda keçid balı 250-dən 150-yə, üçüncü qrupda isə 300-dən 250-yə endirilib. Bu isə ekspertlər tərəfdən bir o qədər də müsbət qarşılanmır. Düzdür, bəzi ekspertlər düşünür ki, qəbul olanların sayının azalması sonradan universitetlərdə problem yaranmasına və müəllimlərin istismarına səbəb ola bilər. Belə halların qarşısını almaq üçün də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ümumi balları aşağı salması anlaşılandır. Amma ümumilikdə isə bu, təhsildə normal hal deyil. Ekspertlərin fikrincə, universitetlər özləri qəbulu həyata keçirsələr plan yerlərini özləri doldursalar, özləri tənzimləməklə öz işlərini planlı şəkildə qura bilərlər. Onlar hesab edirlər ki, Azərbaycanda təhsili universitet, qəbulu isə TQDK həyata keçirdiyindən, nəticədə universitetlər TQDK-dan asılı vəziyyətə düşürlər. Xarici ölkələrin universitetlərində isə azad rəqabət olduğuna görə, orda tələbə problemi yoxdur. Onların universitetləri yüksək maliyyə imkanlarına malikdir. Xaricdə tələbə qəbulunu universitet həyata keçirir. Bizdə qəbul TQDK-dan asılıdır. Qəbulun nəticələri isə birbaşa TQDK-ya göndərilir və ümumi balın aşağı endirilib, yuxarı qaldırılması onların səlahiyyətlərində olur. Bu, birbaşa dövlət tərəfindən tənzimləndiyinə görə plan yerlərini doldurmaq xatirinə ümumi ballar aşağı salınır.
Bəzi ekspertlər isə nəticələrin bu cür olmasını ümumiyyətlə acınacaqlı hal kimi dəyərləndirir. Onların sözlərinə görə, bu, sübut edir ki, texniki və təbiət elmlərinin tədris səviyyəsi humanitar sahə ilə müqayisədə aşağıdır. Texnki sahəni seçən abituriyentlərin bilik səviyyəsi humanitar sahəni seçənlərin bilik səviyyəsindən olduqca aşağıdır. Bu isə bir daha təsdiqləyir ki, ölkədə humanitarlaşma gedir.
Ümumilikdə görünən odur ki, TQDK balları aşağı salmağa məcburdur. Nazirlər Kabineti hər bir ali məktəbdə ixtisaslar üzrə qəbul planlarını yerlərini təsdiqləyib. Ali məktəb rəhbərlərinin istəkləri odur ki, "150" bal belə olsa, onların qəbul yerləri dolsun. Boş qalan yerləri doldurmaq üçün TQDK bunu etməli idi. Ümumilikdə isə TQDK-nın balları kəskin şəkildə o qədər aşağı salması qənaətbəxş deyil.
Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını bu məsələdə hər hansı formada qınaq hədəfinə çevirmək doğru deyil. Amma yenədə bəzi KİV-lərdə TQDK sədrinin hədəf alınması maraq doğurur.
Hesab edilir ki, bu, Dövlət Komissiyası sədrinin hökumət daxilindəki bəzi rəqiblərinin işidir. Onlar Məleykə Abbaszadəni haqlı və haqsız ittihamların hədəfinə çevirməklə TQDK rəhbərliyində dəyişikliyə ümid edir və bura arzuladıqları şəxsin gətirilməsinə çalışırlar.
Qeyd edək ki, hələ TQDK sədrinin "əzəli düşmən"i sayılan təhsil naziri Misir Mərdanov "vurularkən"
Məleykə Abbaszadənin də postunda çox qalmayacağı iddia edilirdi. Bu iddiaların üstündən bir neçə ay keçmiş TQDK sədrinin bəzi KİV-lərdə tənqid hədəfinə çevrilməsi əlbəttə, maraq doğurur.
Güman ki, kimlərsə həqiqətən gələn ilki qəbul imtahanlarının sədri yeniləşmiş TQDK tərəfindən keçirilməsini qarşılarına məqsəd qoyublar. Onların bu istəklərinə çatıb- çatmayacağını isə zaman göstərəcək.
dia.az

ABU-nun diplomlarının taleyinə aydınlıq gətirildi

Təhsil Nazirliyi  Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib

 
 Təhsil Nazirliyi Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetindəki (ABU) sənədlərlə bağlı məlumat yayıb.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra universitetin sabiq rəhbərliyi tərəfindən yalnız tələbələrin qəbul əmrlərinin, diplomvermə kitabları və yazılmış, lakin sahiblərinə verilməmiş diplomların nazirliyə təhvil verildiyini bildirib.
Digər sənədlərin sayı və həcmi çox olduğundan və onların Təhsil Nazirliyinin arxivində yerləşdirilməsi mümkün olmadığı üçün universitetin arxivində saxlanılıb. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq zərurəti ilə bağlı ABU-nun binasında saxlanılan bütün sənədlər idarənin əməkdaşları tərəfindən götürülüb: "Hazırda həmin sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müəyyən etdiyi yerdə saxlanılır. Son altı ay ərzində ABU-nun məzun və tələbələri tərəfindən universitetin arxivində saxlanılan attestat və digər sənədlərin geri qaytarılması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin sənədlərin sahiblərinə verilməsi məsələsinə köməklik göstərmək üçün Təhsil Nazirliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət olunub.
Artıq sənədlərin sistemləşdirilməsinə başlanılıb. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin razılığı ilə müraciətləri əsasında təhsil sənədləri aşkar olunan şəxslər dəvət olunacaq və surəti şəxsi işlərində saxlanılmaqla onların təhsil sənədlərinin əsli özlərinə qaytarılacaq. Bu səbəbdən həmin şəxslər  attestatlarını geri götürmək üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etməlidir.

25 июл. 2013 г.

Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq

"Hər hansı bir müəllimin valideynləri məcbur edərək onların övladlarına pul müqabilində əlavə dərs keçməsi anti-pedaqoji hərəkətdir”.

Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsinin xəbərinə görə, orta məktəb rəhbərləri bu cür hallara qarşı prinsipial mövqe tutmalıdırlar: “Təhsil haqqında” qanunun 19.18-ci bəndinə görə, dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Bütün orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu iddia etmək obyektivlikdən uzaqdır. Bununla belə, müasir tələblərə cavab verməyən məktəblərin hələ də olması həqiqətdir. Nazirlik növbəti dərs ilində belə məktəblərin fəaliyyətinin araşdırılması və lazımi təkliflərin hazırlanması üçün tədbirlər müəyyənləşdirir”.
 Nazirlikdən həmçinin bildirilib ki, 2013-2014-cü dərs ilində ibtidai siniflərlə yanaşı, V, VI siniflərdə də tədris yeni fənn proqramları (kurikulumları) əsasında tədris olunacaq. Əvvəlki illərdə istifadə olunan 2-ci sinif dərslikləri növbəti dərs ilində də qüvvədə olacaq.

TQDK sədri mətbuat konfransı keçirmişdir

 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 26-da 2013/2014-cü tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunmuş mətbuat konfransı keçirdib.  Tədbirdə TQDK sədri mətbuat nümayəndələrinə IV ixtisas qrupuna iyulun 28-də keçiriləcək qəbul imtahanı ilə bağlı ətraflı məlumat verib və ali məktəblərə I və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında keçid ballarının aşağı salınmasının səbəblərini açıqlayıb.
TQDK sədri bildirib ki, nəticələr açıqlandıqdan sonra bəzi mətbuat orqanlarında bu ixtisas qruplarında balların aşağı salınması ilə bağlı düzgün olmayan yazılara rast gəlinir: “Bizdə hər bir qrupda maraqlı bir tendensiya, ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur. Bu abituriyentlər əsasən konkret hansısa ixtisası seçir və dövlət hesabına oxumaq istəyirlər”.
M.Abbaszadə qeyd edib ki, 500 baldan yuxarı yığan elə abituriyentlər var ki, onlar mülki yox, hərbi ali məktəbləri seçirlər. TQDK sədrinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına III qrupda qəbul olanların arasında 135 nəfər 500 baldan yuxarı, 35 nəfər 600 baldan yuxarı, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunanlardan 33 nəfər 500 baldan, onlardan 12 nəfər isə 600 baldan yuxarı, Fövqəladə Hallar Nazirliyinin iki ixtisasına qəbul olunan 12 nəfər 500 baldan, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərib: “Amma hər bir qrupa sənəd verənlərin 40 faizi əvvəlki illərin məzunlarıdır. Onların nəticələri elə də yaxşı deyil. Bu ilki məzunların nəticələri daha yaxşıdır. I qrupda 35 min nəfərdən çox imtahan veribsə, onun 50 faizi, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlardan 20 min 453 nəfər imtahan verib. 10 faiz 150 baldan yuxarı nəticə göstərib. Biz onlara şans veririk. Birinci qrupda bu ilki illərin 20 min 453 məzunun 37 faizi 0-100 bal arasında, əvvəlki illərin məzunlarının (15 min nəfər) 72 faizi isə 0-100 bal arasında nəticə göstərib. Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər. Bizdə gənclər ali təhsil almaq istəyirlər, bu motivasiyanı da gənclərdə saxlamaq lazımdır”.
  M. Abbaszadə qeyd edib ki, keçən il də birinci qrupda ballar 150 bala salınıb: “Bakı Dövlət Universitetinə 150-200 balla nəticə göstərən yalnız 1 nəfər qəbul olunub. Dövlət Neft Akademiyasına bu balla 2 nəfər, Azərbaycan Texniki Universitetinə 409 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetə 2 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinə 8 nəfər, Azərbaycan Müəllimlər Universitetinin Qazax filialına 7 nəfər qəbul olub.
Onun sözlərinə görə, 150-200 balla ali məktəblərə qəbul olunanlar arasında akademik borca, oxuya bilməməyə görə qovulanlar yoxdur: “Biz Tələbə-Məzun Sistemini izləyirik və akademik borca görə ali məktəblərdən qovulanlar da diqqətimizdədir. Biz gözləyirdik ki, ötən il 150-200 balla ali məktəbə qəbul olan tələbələr birinci kursun proqramını mənimsəyə və sessiya imtahanlarını verə bilməyəcəklər. Əgər nəticə belə olsaydı, bu il birinci qrupda müsabiqə şərtlərini 150 bala endirməyə ehtiyac qalmayacaqdı”.
Daha sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd verən abituriyentlərə xəbərdarlıq edib. TQDK sədri deyib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb və avqustun 15-də başa çatacaq.
İndiyə qədər 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə 13559 nəfər sənəd verib.
Məleykə Abbaszadə deyib ki, hər il sənəd qəbulu başa çatandan sonra sənəd vermək üçün müraciət edənlər olur. O, buna görə də bir daha abituriyentləri vaxtında sənəd verməyə çağırıb.

Müəyyən ixtisaslara attestat təqdim etməklə ali məktəbə qəbul mümkün ola bilər

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
Rusiyadan nümunə götürmək cəhdlərini yersiz sayan Məleykə Abbaszadə deyib ki, hələ ki, buraxılış imtahanları çox sadə formada aparılır, sualların 70 faizi 7-ci sinfə qədəri əhatə edir: “Ona görə də buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsinin indi gündəmə gəlməsi düzgün deyil. Orta məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Mərhələ-mərhələ elə səviyyəyə gəlib çata bilərik ki, müəyyən ixtisaslara attestat təqdim etməklə ali məktəbə qəbul mümkün ola bilər. Ən azı 5 ildən sonra bu, mümkün olar. Ancaq elə ixtisaslar, ali məktəblər olacaq ki, ora qəbul imtahanla olacaq”.
  Məleykə Abbaszadə deyib ki, hazırda yalnız Ukraynada attestat təqdim etməklə ali məktəblərə qəbul mümkündür: “Elə ölkələr var ki, ali məktəblər var, oxumaq istəyənlər yoxdur. Ona görə də kənar ölkələrdən qəbula çalışırlar. Ukraynaya elə ali məktəblərə gedəndə valideynlər fikirləşməlidirlər ki, övladlarını nə üçün ora göndərirlər. Hansısa məktəbdən diplom almaq, yoxsa övladının mütəxəssis kimi yetişməsi üçün. Bu, təhsil sahəsində turizmdir”.

"Pul ver, təhsil alma" (VİDEO)

Hazırda Azərbaycanda təhsil Gürcüstandan 3 dəfə baha hesab edilir. Halbuki təhsilin səviyyəsində ali təhsil ocaqlarımız qonşu ölkəni heç nə ilə qabaqlamır. Təhsil üzrə araşdarmaçıların fikrincə, ölkədə istər dövlət, istərsə də özəl ali məktəblərdə təhsil haqları müəyyənləşdirilərkən heç bir normativlər, yəni ali məktəblərinin yataqxanaları, xaricdə staj keçmiş müəllimlərin olması, informasiya texnologiyaları ilə təminat kimi mühüm amillər nəzərə alınmır.    
"Pul ver, təhsil alma", artıq bu ifadə təəssüf ki, Azərbaycan təhsilinin həqiqətinə çevirilib. Azərbaycandan kənarda isə başqa həqiqət mövcuddur.   http://www.youtube.com/watch?v=nWgxcsvGRtU

24 июл. 2013 г.

Kollec diplomu ilə müəllim işləmək qadağan olunacaq.

Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, hazırda kollec diplomu ilə müəllim işləmək sahəsində problem yoxdur: “Lakin gələcəkdə tələblər dəyişəcək, buna görə də müəllim işləmək istəyən kollec tələbələrinin ali təhsil alması məqsədəmüvafiqdir”.
Xatırladaq ki, Təhsil Nazirliyinin Facebook səhifəsində əvvəlcədən elan edildiyi kimi, iyulun 22-dən təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılmasına başlanılıb. Sualların qəbulu iyulun 25 saat 18:00-da başa çatacaq. Göstərilən müddətdən sonra Nazirliyin Facebook səhifəsinə yerləşdirilən suallar cavablandırılmayacaq. Bu tarixə qədər daxil olan sualların cavablandırılması isə davam etdiriləcək. Təkrarlanan və anonim xarakterli müraciətlər istisna olmaqla, digər sualların ardıcıl olaraq cavablandırılması yaxın 2 gün ərzində başa çatdırılacaq.
Səhfədə Facebook istifadəçilərindən xahiş olunub ki, 25 iyul saat 18:00-dan sonra təhsil sahəsi ilə bağlı sualları Təhsil Nazirliyinə (Bakı şəhəri, Xətai prospekti, 49), yaxud Nazirliyin office@edu.gov.az və qaynar-xett@edu.gov.az elektron poçt ünvanlarına göndərsinlər. Bü ünvanlara göndərilmiş suallar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavablandırılacaqdır.

 


Şagird müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilə bilər?

Azərbaycanda şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi (məsələn, 1-dən 3-ə; 3-dən 5-ə və s.) barədə qaydalar hazırda mövcud deyil.
Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, bu hal kütləvi xarakterdə ola bilməz. Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi yalnız xüsusi istedadı ilə fərqlənən, idraki və kommunikativ bacarıqları yaşıdlarına nisbətən daha yüksək inkişaf etmiş uşaqlara aiddir.
Təhsil nazirinin əmrinə əsasən isə ölkədə uşaqların vaxtından əvvəl I sinfə qəbulu hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Vətəndaşların digər sualları cavablandırılarkən qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirənlər ümumtəhsil məktəblərində müəllim işləyə bilməz: “Ümumi təhsil müəssisələri direktorlarının müavinləri İKT məsələlərinə rəhbərlik edirlər. Gələcəkdə ümumtəhsil məktəblərinə maliyyə müstəqilliyi verilərkən zərurətdən asılı olaraq İKT üzrə müavin ştatlarının ayrılması məsələsinə baxılacaq”.
xezerxeber

Müəllimlərin imtahanı başlayır

Müəllimlərin imtahanı başlayır<b style="color:red"></b>
İyulun 25-dən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır.Lent.az-ın verdiyi məlumata görə, müəllimlər qrup şəklində avqustun 7-nə qədər imtahan verəcəklər.
Qeyd edək ki, təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb. İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb.
Müəllimlərin işə qəbulu üzrə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfər ərizə verib.  15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub. İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesi 16-20 iyul tarixində həyata keçirilib. 21-23 iyul tarixlərində imtahan qrupları formalaşdırılıb.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcək. Bu mərhələni başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq.  

Nazirlikdən xəbərdarlıq!

Modern.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərlə bağlı açıqlama verib. Açıqlamada deyilir ki, nazirliyə bu şirkətlərin fəaliyyəti ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmaqdadır.
“Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə və onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa olaraq aidiyyəti orqanlarına müraciət edə bilərlər”.
 Aytən Əliyeva
 

TQDK-a 7-ci sinif dərslikləri ilə bağlı açıqlama verdi

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə istifadə edilən 7-ci sinif dərslikləri ilə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb.
Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə TQDK-nın rəsmi saytında məlumat yerləşdirilib
Monitorinqin nəticələrinə əsasən, 7-ci siniflər üzrə 19 dərsliklə bağlı yekun rəylər hazırlanıb.
TQDK-nın ekspertləri dərsliklərin dizayn, bədii tərtibat, məzmun, dil və üslub baxımından xətalarını qeyd ediblər.
Yekun rəylərdə 7-ci sinif üzrə hansısa dərsliklərin istifadəsinin məqsədə uyğun olmaması barədə hər hansı qeyd öz əksini tapmayıb.
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün bütün dərsliklərlə bağlı TQDK-ya daxil olmuş və seminarda müzakirə nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki, yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur. 7-ci sinif dərslikləri ilə bağlı yekun rəy iyunun 24-də Təhsil Nazirliyinə göndərilib. 
Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
Yekunda qeyd olunur ki, dərslik qüvvədə olan tədris proqramını tam əhatə edir və şagirdlərin fənn üzrə bilik və bacarıqlarının formalaşdırılmasına imkan verir.

23 июл. 2013 г.

300 il hökmranlıq etmiş Romanovlar sülaləsinin sirli taleyi


Təhsil Nazirliyi əməkhaqqına dair suala cavab verdi

“Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi daim gündəmdə olan məsələdir. Yeni dərs ilində yerlərdə təhsilin keyfiyyətinin monitorinqini aparıb təhlil etmək və konstrukriv təkliflər hazırlamaq nəzərdə tutulur”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib.
Məlumatda həmçinin bildirilib ki, ümumtəhsil məktəblərində formativ qiymətləndirmənin aparılması və nəticələrin ayrıca jurnalda qeydiyyatının aparılması şagirdlərin inkişaf tempinin izlənməsi baxımından çox əhəmiyyətlidir. 
“Hazırda formativ qiymətləndirmə jurnalı xeyli təkmilləşdirilmişdir və çox güman ki, müəllimləri qane edəcək”. 
Nazirlik eyni zamanda müəllimlərin əmək haqlarının artırılması ilə bağlı verilən suallara da cavab verib. 
“Ümumilikdə müəllimlərin əməkhaqqı barədə məsələ hazırda təhsil konsepsiyası və strategiyası çərçivəsində müzakirə olunur. Nəticəyönümlü, kompetensiya əsaslı, diferensial əmək haqqı və mükafatlandırma sisteminin yaradılması nəzərdə tutulur”.
Nazirlik eyni zamanda ev tapşırıqlarının çox olması məsələsinə də aydınlıq gətirib.
“Ev tapşırıqlarının həcminin çoxluğuna gəlincə isə, bildiririk ki, bu kurikulumla bağlı deyil. Əslində, müasir tələb bundan ibarətdir ki, evə tapşırıq aşağı siniflərdə ya heç verilməsin, ya da çox az həcmdə verilsin. Çünki təlim materialları , əsasən, sinifdə mənimsənilməlidir”.

TQDK dərsliklərlə bağlı məlumat yaydı

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə istifadə edilən 7-ci sinif dərslikləri ilə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, monitorinqin nəticələrinə əsasən, 7-ci siniflər üzrə 19 dərsliklə bağlı yekun rəylər hazırlanıb. 7-ci sinif dərsliklərinin hər biri ilə balı yekun rəylər TQDK-nın saytında  geniş şəkildə dərc olunub.
Yekun rəylərdə 7-ci sinif üzrə hansısa dərsliklərin istifadəsinin məqsədə uyğun olmaması barədə hər hansı qeyd öz əksini tapmayıb. Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün bütün dərsliklərlə bağlı TQDK-ya daxil olmuş və seminarda müzakirə nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki, yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur. 7-ci sinif dərslikləri ilə bağlı yekun rəy iyunun 24-də Təhsil Nazirliyinə göndərilib. 
Qeyd edək ki, TQDK tərəfindən aparılmış monitorinqlər nəticəsində I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib. Bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab olunmayıb.