21 февр. 2014 г.

Müəllimlərin maaşı nə vaxt artırılacaq?

Müəllimlərin maaşı hər zaman əsas prioritet məsələlərdən biridir. Yaxın zamanda təhsil işçilərinin maaşında artım olacaqmı?
Modern.az saytının sorğusuna Təhsil Nazirliyindən cavab verilib.
“Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, o cümlədən təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqının artırılması Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamlarına əsasən həyata keçirilir” – deyə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqları sonuncu dəfə 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Hazırda Azərbaycan müəllimi orta hesabla ayda 200-300 manat arası maaş alır.  Bu isə əksər ölkələrdə müəllimlərə verilən maaşla müqayisədə xeyli azdır. 

Məsələn, Avropanın cırtdan ölkəsi olan Lüksemburq müəllimi stajdan asılı olaraq ildə 50-98 min avro məvacib alır, Belçika müəllimi stajdan asılı olaraq ildə 30- 50 min avro, Fransa müəllimi stajdan asılı olaraq ildə 18-58 min avro, Almaniya müəllimi stajdan asılı olaraq ildə 35-58 min avro qazanır.
Qardaş Türkiyədə müəllim ildə 12-18 min avro, qonşu Rusiyada isə ildə 7-25 min dollar əməkhaqqı alır.
 
xezerxeber.com

20 февр. 2014 г.

Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün online sınaq imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün online sınaq imtahanı keçirəcək.

Qurumun mətbuat xidmətindən Xezerxeber.com-a verilən məlumata görə, qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq. 

Qeyd edilib ki, imtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. 

Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur. Bakalavrlar Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.
 
xezerxeber.com

15 февр. 2014 г.

Peşə liseyinin şagirdləri saç təraş edəcəklər

Yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqları da yoxlanılacaq

 
 
 
Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının yekun imtahan zamanı yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulur.

ANS PRESS qurumun saytına istinadən xəbər verir ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqları da yoxlanılacaq.

Liseydə "Bərbər" ixtisası üzrə təhsil alan şagirdlərin tədris-istehsalat təcrübəsində müasir texnologiyalardan istifadə olunur.

Təhsil Nazirliyi və "Eldar studio" şirkətinin dəstəyi ilə cari tədris ilinin əvvəlində istifadəyə verilmiş tədris emalatxanasında şagirdlərə peşəkar mütəxəssislər tərəfindən praktiki bilik və bacarıqlar öyrədilir. Müasir avadanlıqlarla təchiz edilmiş tədris emalatxanasının dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınıb.
 
Mənbə
ANS PRESS