ƏDƏBİYYAT

Özüm-özümdən utanıram (hekayə)


 Artıq otuz ildir ki, universitetdə müəlliməyəm. Düz otuz il. Az deyil bu. Bu illərdə hər cür insana hər cür tələbəyə rast gəlmişəm. Hamısı bir birindən fərqli və müxtəlif yüzlərlə tələbə. Hər birində fərqli xasiyyət, fərqli davranış, fərqli düşüncə tərzi. İlk dəfə unviversitetə gələndə və o partalarda oturanda hər birinin üzündə bir həyəcan bir ifadə hiss olunur. Hərəsi bir arzuyla gəlir bura. Əlbətdəki arzusu olmayanlarda yox deyil. Amma çox az olur. Oxumayan bir tələbə belə olsa arzusu olmayan çox az tələbəylə qarşılaşıram.
 
Hər dəfə universitetə yeni qəbul olan tələbələri gördükdə öz tələbəliyimi xatırlayıram... “Ahh o illər...”, “necə də fərqli idi hər şey...”. “Nə qədər arzularım vardı...” deyərək köks ötürürəm.

O günü heç unutmaram. Tələbəliyimin ilk günü... necədə həyəcanlı idim. Gəlib ilk partada oturmağımı, müəlliməmin otağa daxil olmasını, bizi təbrik etməsini ve qısa amma maraqlı, mənalı və həyatımı yönləndirən o nitqini heç vaxt unutmaram...

Müəlliməm içəri girən kimi hamımız ayağa qalxdıq. Üzündəki o təbəssüm ətrafa nur saçırdı sanki. 50-55 yaşlarında bir qadın idi. Yaşadığı illəri boşuna keçirmədiyi sifətindən bəlli olurdu. Yavaş addımlarla müəlliməm lövhənin tam qarşısında dayandı. Üzündəki o təbəssümdən bir damla belə əskik etmədən. Sonra isə bizə oturmağımızı işarə etdi. Ayaqlarım necədə əsirdi. Heç bu qədər həyəcanlanmamışdım, imtahanda belə. Və müəlliməm başladı danışmağa. Nitqini bizi təbriklə başladı və müəllimlik sənətini izah etməklə nitqinə davam etdi. Müəllimliyin sadəcə bir sənət deyil, müqəddəs bir sənət olduğunu dedi bizə və bizləri özümüzü sadəcə bir sənət sahibi kimi deyil, müqəddəs bir sənət sahibi-müqəddəs bir insan kimi yetişdirməyimizi bizə söylədi. Müqəddəs bir insan... Bu dediklərini ilk dəfə anlamamışdım. Amma onu tanıdıqca nə dediyini tam anladım. O həqiqətəndə müqəddəs biri idi. Müqəddəs sənətin müqəddəs sahibi idi. Nitqini bitirdikdən sonra mənim ayağa qalxmağımı istədi. Dərhal durdum ayağa. Adımı sordu, dedim. Amma cox həyəcanlanmışdım. Ürəyim az qala yerindən çıxacaqdı. Sonra isə sözunə davam etdi. Öz üzünü görsətdi bizə və hər birimizin əllərimizi üzümüzə çəkməyimizi istədi və dedi

- Görürsünüzmü uşaqlar, üzünüz tər təmizdi. Bir dənə belə qırış yoxdu. Amma mənim üzümə baxın necədə qırışdı elə deyil?! (əlini üzünə çəkərək)

Sonrada mənim əlimi öz əlinə aldı və öz üzünə tərəf apardı. Üzünə toxunmağımı istədi, o qırışları hiss etməyimi. Həqiqətəndə mənlə onun üzündə nə qədər fərq vardı. Sonra isə davam etdi

- Uşaqlar, bilirsiz bu qırışlar nədi?

Heç kim danışmadı. Özü davam etdi:

- Bu qırışın hər birində onlarla usaqların izləri var. Mən o balalarımı yetişdirdikcə üzümdə bu qırışlar əmələ gəldi. Onların izləridi bu qırışlar. Baxın! bu Emin balamdı, bu Ramiz balam bu isə Leyla balam.(əliylə üzünü görsədərək). İndi nə edirlər görəsən?(dərindən bir ah çəkərək) Hər dəfə güzgü qabağında dayanıb əlimi üzümə vuranda o balalarımı xatırlayıram, onları sığallayıram. Uşaqlar, hər birinizin üzü qırışacaq bir gün mənim kimi. Nə vaxtsa güzgü qabagında durub üzünüzə baxanda sadəcə qırış görməyin orda. Neçə-neçə tələbəyə həyat verən bir müqəddəsin sifətini görün. Hər qırışda gül kimi açmış bir həyat görün. Yoxsa sadəcə qırışlar deyil. Uşaqlar, sizdən müqəddəs biri olmağınızı istəyirəm. Söz verin ki mənə hər biriniz müqəddəs bir sənətin müqəddəs bir sahibi olacaqsız... söz verin balalarım...

Müqəddəs sənətin müqəddəs sahibi, müqəddəs adam. Həqiqətəndə müəllimim elə biri idi. O rəhmətə gedəndə biz son kursda idik. Ele Universitetdə də rəhmətə getdi. Son sözü isə “unutmayın usaqlar, mənə söz vermisiz hər biriniz müqəddəs bir müəllim olacaqsız” oldu. O öləndə nə qədər ağlamışdım allah bilir. Asan deyil müqəddəs birindən ayrılmaq, özüdə əbədi olaraq. Çox çətindir bu...

İndi artıq mən özüm müəlliməyəm, 30 illik bir müəllimə. Budur güzgü və mən, qarşı qarşıya. Özün ilə üz-üzə gəlmək həmişə asan olmur. Ondan ayrıldığım o gündən bəri ilk dəfədir ki güzgü qabağında durub onun dediklərini düşünürəm. Dünənki hadisə olmasa hələ 20 il daha bunu xatırlamazdım hər halda. Məni qəflət yuxusundan oyatdı elebil o hadisə- tələbəmin dedikləri o sözlər. Dünənim bir faciə kimi keçdi. Sillə kimi o sözlər həqiqətən bir faciə idi. Amma bu faciəni mən yaratmışam, səbəbkarı mənəm heç kimdən inciməyə haqqım yoxdu.

Dünən imtahan günü idi. İmtahan nə imtahan, əvvəlcədən hər kəsin qiyməti müəyyənləşmiş bir imtahan. Kimin neçə alacağının bilindiyi bir imtahan. Amma sadece bir qızdan başqa. Onun qiyməti hələ bilinmirdi. Özü demişkən “mənə nə olub ki pul verirəm?!, oxuyacam və keçəcəm. Bunuda həmıya görsədəcəm”. Hamı imtahanı verib keçdi və qiymətini də aldı. O tələbəmdən başqa. Onu sona saxlamışdım. Nəsə bilmirəm ona yaman acıqlı idim. Qisas almaq istəyirdim eləbil. Amma nəyin qisasını bilmirəm. Sadəcə kəsmək istəyirdim onu imthandan o qədər. Səbəbini bilmədən. ilk sualı verdim. Çox çətin idi, amma cavablandırdı. Bu məni daha da qıcıqlandırdı ona qarşı. Görünür çox yaxşı hazırlanmışdı imtahana. Ikinci sualımı verdim. Əmin idim, bu suala cavab verməsi mumkün deyildi. O qeder də diqqətli ola bilməzdi bir tələbə. Amma cavab verdi. Artıq buna dözə bilmədim. Özümdən çıxdım. Başladım kitabdan kənar suallara. Dalbadal bir neçe sual verdim ve heç birinə cavab almadım təbii ki. Bir tələbənin bunları bilməsi cox çətin idi. Həmdə materiallarda bu haqda heç məlumat yox idi. Ona imtahandan kəsildiyini söylədiyimdə və üzündəki o məyusluğu gördükdə artıq özümə gəldim. Etiraz etdi amma boş idi dedikləri. Elebil rahatladım. Tələbənin tam gözlərinin içinə baxdım. Qələbəmi ona hiss eletdirirdim. Özümü bu qeder rahat hiss etməmişdim heç vaxt. Amma tələbə gözlərini gözlərimdən çəkmədi. Tam gözlərimin içinə baxaraq dedi.

- Müəllimə məni niyə kəsdiz imtahandan?!

Sual həqiqətəndə qəribə sual idi. Özüm bele cavabını bilmirdim. Amma

- Özün bilmirsən niyə kəsilmisən? Suallara cavab vermədin və kəsildin. Yaxşı hazırlaşmamısan imtahana

Tələbə qız gülümsədi, amma bu gülümsəməyindəki istehza ürəyimə xəncər kimi girdi.

- Bilirsiz müəllimə, məni niyə kəsdiz? Çünki mən sizə yüz manatı verməmişəm ona görə

Eləbil başımdan qaynar su tökdülər. Özümü itirdim. Bu cılız qızın gözlərimin içinə baxaraq istehzalı təbəssümlə mənə belə deyəcəyini, buna cəsarət edəcəyini ağlıma belə gətirməzdim.

- Sən deyəsən tərbiyə almamısan. bu nə danışıqdı özündən böyüklə danışırsan.

Qız dediklərimi eşitmədi elə bil. Gözləri bir anda dolmuşdu ve sadəcə danışırdı sözümü kəsərək:

- Bilirsiz müəllimə, niyə mən o pulu sizə vermədim? Çünki söz vermişəm anama dərslərimi özüm oxuyub keçəcəm. Bütün imtahanlarımı özüm keçmişəm bu günə kimi. Heç kimə də pul verməmişəm. Amma uşaqlar mənə demişdilər ki kəsəcəksiz məni oxusam belə.(qız başladı ağlamağa) Mən anama bunu izah elədim. Dedim bax ana, oxumuşam, əla bilirəm amma müəllimə kəsəcək məni imtahandan. Bunu anama mənə pul versin deyə demədim. Sadəcə kəsiləndə səbəbini bilsin deyə dedim. Yoxsa ona söz verdiyim halda oxumamazlıq etdiyimi düşünməsin deyə dedim. bilirəm pul olsaydı anam məni başa düşüb pul verərdi. Amma nə edək ki yoxdu. Olsa belə mən anamdan pul istəyə bilmərəm. Onsuzda tək canıyla mənə güc bəla ilə baxır. Verdiyim sözü tapdalaya bilmərəm. Utanıram anamdan pul istəməyə imtahanlar üçün. Amma siz məndən pul istəməyə utanmırsız. (qızın yaşlı gözləri üzümə sataşdı). Heç olmasa üzünüzdəki o qırışlardan utanın.(qız gözlərinin yaşını sildi). Kəsin məni imtahandan heç nə olmaz. Anam da mən də bilirik ki mən bu imtahana yaxşı hazırlaşmışam. KƏSİN!!!

Qız bu sözü dedi və otağı tərk elədi. Amma mən heç nə hiss eləmirdim artıq. Qulaqlarımda sadəcə bir cümlə cingildəyirdi. “Heç olmasa üzünüzdəki o qırışlardan utanın” “Heç olmasa üzünüzdəki o qırışlardan utanın”...

Bax belə, özüm ilə üz-üzə gəlməyimin səbəbi budur. Bu hadisə. İndi güzgünün qarşısında oturub əlimi üzümə çəkirəm. O qırışları hiss edirəm əllərimdə. Amma bu o vaxtkı qırışlar-əlimi müəlliməmin üzünə cəkdiyimdə hiss etdiyim qırışlar kimi deyil. Müəlliməmin üzündəki qırışlar fərqli idi. Güzgüyə baxıram amma müqəddəs heç nə görə bilmirəm. Sadəcə adi bir sifət və o sifət üzərində adi qırışlar. Bəs mən müqəddəs birini görəcəkdim güzgüdə. Müqəddəs birinə söz vermişdim axı. Mən də onun kimi olacaqdım, mən də müqəddəs olacaqdım. Bəs üzümdəki hər qırışda onlarla tələbənin xatirəsi olacaqdı, gül kimi açmış həyatlar olacaqdı. Amma mən nə etdim?! O qırışları ləkələdim. O qırışları sevinc əvzinə göz yaşlarıyla bəzədim.

Güzgüyə baxa bilmirəm artıq. O qırışlara baxa bilmirəm. Müəlliməmin sifətindəki o qırışlar gəlir gözümün qabağına. Utanıram özüm özümdən. O müqəddəs insanın xəyalı daima utandırır məni...

 Naməlum
 
 

Nobel Ədəbiyyat Mükafatı almış ədiblər
 
 SİYAHI

 

 1901 Sülli-Prüdom- Fransa- "Böyük ədəbi məziyyətlərinə, ali idealizminə, bədii mükəmməlliyinə və səmimilik ilə istedadın qeyri-adi tərzdə bir-birini tamamladığına görə". 

 1902 Teodor Mommzen- Almaniya- "Roma tarixi" adlı monumental əsərinə görə"

  1903 Byörnstyerne Byörnson - Norveç- "İlhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına görə"
 1904 Frederik Mistral- Fransa- "Xalqın ruhunu olduğu kimi əks etdirən poetik əsərlərinin yeniliyinə və orijinallığına görə".

  1904 Xose Eçegeray-i-Eysagirre- İspaniya- "İspan dramının dirçəldilməsində göstərdiyi çoxsaylı xidmətlərinə görə".
 

 1905 Henrik Senkeviç- Polşa - "Epos sahəsindəki böyük xidmətlərinə görə".

 
 1906 Cozue Karduççi- İtaliya - "Yaradıcılıq enerjisinə, üslub yeniliyinə, poetik şedevrlərinin lirik qüvvəsinə görə".
 

 1907 Redyard Kiplinq- Böyük Britaniya- "Müşahidə etmək bacarığına, parlaq fantaziyasına, ideya bitkinliyinə və rəvayətçilik istedadına görə".
 
 1908 Rudolf Eyken- Almaniya- "Ciddi olaraq həqiqət axtarışı, hər bir şeyə üstün olan düşüncə gücü, geniş dünyagörüşü, canlılıq və inandırıcılıq vasitəsilə idealist fəlsəfəni müdafiə etdiyinə görə".

  1909 Selma Lagerlöf - İsveç- "Əsərlərini digərlərindən fərqələndirən yüksək idealizmə, aydın parlaq fikir və müqəddəsliyi tərənnüm etdiyinə görə".
 

 1910 Paul fon Heyze - Almaniya- "Dünyada məşhur olan novellalar müəllifi, lirik şair, dramaturq və romanistə bədillik və idealizmə görə".

  1911 Moris Meterlink- Belçika- "Təxəyyüllə və poetik fantaziyalarla zəngin dram əsərlərinə görə".
 
 
 1912 Gerhart Hauptman- Almaniya- "Dram sənəti sahəsində məhsuldar, rəngarəng və misilsiz xidmətlərinə görə".
 

 1913 Rabindranat Taqor- Hindistan- "Poetik zəkadan ustalıqla istifadə edilərək, dərin həssaslıqla yazılmış orijinal və gözəl şeirlərə görə". 

 1914 Mükafat təqdim edilməyib.
 

 1915 Romen Rollan- Fransa- "Ədəbi əsərlərindəki yüksək idealizmə, həqiqəti duymaya və sevməyə görə".
 

 1916 Verner fon Heydenstam - İsveç- "Dünya ədəbiyyatının yeni dövrünün görkəmli nümayəndəsi olduğuna görə".

 
 1917 Karl Adolf Gellerup- Danimarka- "Poetik yaradıcılığının rəngarəngliyinə və yüksək ideallarına görə".

  1917 Henrik Pontoppidan- Danimarka- "Danimarkanın müasir həyatını inandırıcı bir tərzdə təsvir etdiyinə görə".
 

 1918 Mükafat təqdim edilməyib.

 
 1919 Karl Şpitteler- İsveçrə- "Bənzərsiz "Olimpiya baharı" eposuna görə.
  1920 Knut Hamsun- Norveç- Əsrlərlə torpağa bağlılığını və patriarxal ənənəyə sadiqliyini qoruyub saxlayan Norveç kəndlilərinin həyatından bəhs edən möhtəşəm əsəri -"Torpağın şirələri"nə görə".
 
 1921 Anatol Frans- Fransa- "Dərin məşəqqətli humanizmlə və əsl qall temperamentliliyi ilə yazılmış nəfis stilli parlaq ədəbi nailiyyətlərinə görə".
  1922 Xasinto Benavente-i-Martines- İspaniya - "Şanlı ispan dram ənənələrini ustalıqla davam etdirdiyinə görə". 

 1923 Uilyam Yeyts- İrlandiya- "Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə".
  1924 Vladislav Reymont- Polşa- "Möhtəşəm "Kişilər" milli eposuna görə".

  1925 Bernard Şou- İrlandiya- "Misilsiz poetik gözəlliklə birləşdirdiyi parlaq satirasına, idealizm və humanizmlə zəngin yaradıcılığına görə".
 
 1926 Qrasiya Deledda- İtaliya- "Əziz vətəninin həyatını və insan problemlərinə tam dərindən yanaşmanı plastik aydınlıqla əks etdirdiyi poetik əsərlərinə görə".
 

 1927 Anri Berqson- Fransa- "Aydın və optimist ideyalarına və bu ideyaları özündə əks etdirən müstəsna fəaliyyətlərinə görə".
 

 1928 Siqrid Unset- Norveç- "Orta əsrlər skandinaviyasının yaddaqalan təsvirinə görə" 

 1929 Tomas Mann- Almaniya- "Müasir ədəbiyyatın klassikasına çevrilmiş qüdrətli "Buddenbroklar" romanına görə".

 1930 Sinkler Lüis- ABŞ- "Güclü və ifadəli yaradıcılıq məharətinə, satira və yumordan istifadə edərək yeni tip və xarakater yaratmaq kimi müstəsna qabiliyyətinə görə". 

 1931 Erik Karlfeldt- İsveç- "Poeziyasına görə (ölümündən sonra)"
 

 1932 Con Qolsuorsi- Böyük Britaniya- "Yüksək yaradıcılıq qabiliyyətinin zirvəsi olan "Forsaytlar haqqında saqa" əsərinə görə". 

 1933 İvan Bunin- Rusiya/ Fransa- "Rus klassik nəsrinin ənənələrini inkişaf etdirmə ustalığına görə". (mükafatı mühacirətdə alıb) 

 1934 Luici Pirandello- İtaliya- "Səhnədə və dramaturgiya sənətinin intibahında göstərmiş olduğu bədii cəsarətə və ixtiraçılıq qabiliyyətinə görə". 

 1935 Mükafat təqdim edilməyib.  

 1936 Yucin O'Nil- ABŞ- "Faciə janrını yeni şəkildə təfsir edən dram əsərlərinin təsir gücünə, həqiqiliyinə və məna dərinliyinə görə".
 

 1937 Roje Marten dü Qar- Fransa- "İnsanı və müasir həyatın daha qabarıq tərəflərini düzgün əks etdirdiyinə və bədii gücünə görə".

  1938 Perl Bak- ABŞ- "Çin kəndlilərinin həyatını hərtərəfli, həqiqi epik təsvirlərinə və bioqrafik şedevrlərinə görə". 

 1939 Frans Emil Sillanpaa- Finlandiya- "Fin kəndlilərinin həyatına dərindən nüfuz etdiyinə və onların möhtəşəm adətlərini və təbiətlə münasibətlərini əks etdirdiyinə görə".

  1940 -1943 Mükafat təqdim edilməyib.
 

 1944 Yohannes Yensen- Danimarka- "İntellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslübu ilə birləşdirmiş olduğu müstəsna poetik təxəyyülünün gücü və zənginliyinə görə".
 

 1945 Qabriela Mistral- Çili- "Adını "bütün Latın Amerikası üçün idealist can atma" rəmzi edən həqiqi hisslərlə dolu poeziyasına görə ". 

 1946 Herman Hesse- Almaniya/ İsveçrə- "Humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu yaradıcılığına və həmçinin gözəl üslüba görə". 

 1947 Andre Jid- Fransa- "İnsan problemini - həqiqətə qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirən dərin mənalı bədii əsərlərinə görə". 
 1948 Tomas Eliot- Böyük Britaniya- "Müasir poeziyanı yeniliklərlə zənginləşdirdiyinə görə".

  1949 Uilyam Folkner - ABŞ- "Ədəbiyyat nöqteyi-nəzərindən müasir amerika romanına verdiyi böyük və misiksiz töhfələrinə görə".

 1950 Bertran Rassel- Böyük Britaniya- "Rasionalizm və humanizmin ən dəyərli nümayəndələrindən biri kimi azad söz və azad fikir uğrunda qərbdə mübarizə aparan qorxusuz döyüşçü olduğuna görə".
 
 1951 Per Laqerkvist- İsveç- "Yazıçının bəşəriyyəti daim düşündürən suallara cavab tapmaq uğrunda çalışdığı bədii gücünə və mütləq müstəqil mühakimələrinə görə".

  1952 Fransua Moriak - Fransa- "Öz romanlarında insan həyatının faciələrini əks etdirə bilən dərin mənəvi hissləri anlamağına və bədii gücünə görə".
  1953 Uinston Çörçill - Böyük Britaniya- "Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə".

  1954 Ernest Heminquey- ABŞ- "Növbəti dəfə "Qoca və dəniz" əsərində sərgiləmiş olduğu yazıçılıq qabiliyyətinə görə". 
 1955 Kilyan Xalldor Laksness- İslandiya- "İslandiya ədəbiyyat sənətini dirçəldən parlaq epik gücünə görə".

  1956 Xuan Ramoz Ximenes- İspaniya- "İspan poeziyasında yüksək ruh və bədii təmizlik nümunəsinə çevrilmiş lirik poeziyasına görə". 

 1957 Alber Kamyu- Fransa- "İnsan vicdanının əhəmiyyətini işıqlandıran, ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə". 
 1958 Boris Pasternak - SSRİ- "Müasir lirik poeziyadakı əhəmiyyətli nailiyyətlərinə və böyük rus epik roman ənənələrini davam etdirdiyinə görə". 

 1959 Salvatore Kvazimodo- İtaliya- "Müasir dövrün faciəvi sınaqlarını klassik canlılıqla əks etdirdiyi lirik poeziyasına görə".
 
 1960 Sen-Jon Pers- Fransa- "Müasir dövrdəki vəziyyəti əks etdirə bildiyi yüksək və nümunəvi şeirlərə görə".
  1961 İvo Andriç- Yuqoslaviya- "Öz ölkəsinin tarixi ilə bağlı olan insanların taleyini və problemləri bütünlüklə aça bildiyi epik janrdakı istedad gücünə görə".
 
 1962 Con Steynbek- ABŞ- "İncə yumoru kəskin sosial baxışlarla birləşdirə bilən realist poetik zəkasına görə".
 1963 Yorqos Seferis - Yunanıstan- "Qədim ellin dünyasının qarşısında baş əyməyə vadar edən gözəl lirik əsərlərinə görə".
 
 1964 Jan Pol Sartr- Fransa- "Müasir dövrümüzə böyük təsir göstərmiş azadlıq ruhu ilə aşılanmış və yaradıcılıq həqiqətləri ilə dolu zəngin ideyalarına görə ".

  1965 Mixail Şoloxov - SSRİ- "Rusiya üçün dönüş dövründə bədii gücü baxımından eposun tamlığına görə".

  1966 Şmuel Yosef Aqnon- İsrail- "Yəhudi xalq motivləri ilə zəngin olan dərin mənalı orijinal hekayələrinə görə ".

  1966 Nelli Zaks- Almaniya/ İsveçrə- "Yəhudi xalqının taleyini araşdıran əzəmətli lirik və dram əsərlərinə görə". 

 1967 Migel Anxel Asturias- Qvatemala- "Əsərlərində Latın Amerikası hindularının adət və ənənələrinə maraq duyduğu parlaq bədii nailiyyətlərinə görə". 

 1968 Yasunari Kavabata- Yaponiya- "Yapon şüur və düşüncəsinin mahiyyətini ustalıqla çatdıra bildiyi yazıçılıq qabiliyyətinə görə". 

 1969 Semyuel Bekket- İrlandiya- "Müasir insanın faciəsinin elə insanın özünün qələbəsinə çevrildiyini göstərdiyi nəsr və dramaturgiya sahəsində yenilikçi əsərlərinə görə". 

 1970 Aleksandr Soljenitsın- SSRİ- "Dahi rus ədəbiyyatı ənənələrini öz əsərlərində qeyd etmiş əxlaqi gücünə görə".

 1971 Pablo Neruda- Çili- "Bütün qitənin taleyini özündə təcəssüm etdirən fövqəltəbii şeirlərinə görə".

 1972 Henrix Böll- Almaniya- "Əsərlərində geniş şəkildə əks etdirdiyi gerçəkliklərə və yüksək sənətkarlıqla yaratdığı xarakterlərlə alman ədəbiyyatının dirçəlməsinə səbəb olan yaradıcılığına görə".

 1973 Patrik Uayt- Avstraliya - "Yeni ədəbiyyat materikinin kəşfinə səbəb olmuş epik və psixoloji ustalığına görə".
 
 1974 Eyvind Yunson - İsveç- "Məkan və zamanı dərk edərək azadlığa xidmət edən yazıçılıq qabiliyyətinə görə".

  1974 Harri Martinson- İsveç- "Özündə şehdən tutmuş kainata qədər hər şeyi ehtiva edən yaradıcılığına görə".

  1975 Eucenio Montale- İtaliya- "Tamamilə xəyallardan azad, böyük təsirlilik gücü ilə və həyata baxışların ifadə olunması ilə fərqlənən poeziya sahəsindəki nailiyyətlərə görə".
  1976 Sol Bellou- ABŞ- "Öz yaradıcılığında birləşdirmiş olduğu müasir mədəniyyətin incə təhlili və humanizminə görə". 

 1977 Visente Aleksandre- İspaniya- "İnsanın kosmosda və müasir cəmiyyətdəki vəziyyətini əks etdirən və eyni zamanda özündə iki dünya müharibəsi arasında ispan poeziyası ənənələrinin oyanışını ifadə edən möhtəşəm poetik yaradıcılığına görə".
  1978 İsaak Başevis Zinger- ABŞ- "Öz polyak-yəhudi köklərinə gedərək, emosional yazıçılıq qabiliyyətinə görə". 
 1979 Odiseas Elitis- Yunanıstan- "Yunan mədəniyyətindən bəhrələnərək, ehtirasla və yüksək intellektuallıqla müasir insanın azadlıq və müstəqillik uğrunda mübarizəsini təsvir edən poetik yaradıcılığına görə".

  1980 Çeslav Miloş- Polşa- "İnsanın dünyada edilməməsini və münaqişələr nəticəsində parçalanacağını heç bir qorxu olmadan qabaqcadan xəbər verdiyinə görə ".

  1981 Elias Kanetti- Böyük Britaniya- "İnsan vicdanının əhəmiyyətini işıqlandıraraq ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə". 

 1982 Qabriel Qarsiya Markes - Kolumbiya- "Fantaziya və reallığı eyni zamanda bir yerə sığışdıraraq bütov bir qitənin həyat və mübarizələrini əks etdirən roman və hekayələrinə görə".

  1983 Uilyam Holdinq- Böyük Britaniya- "İnsan təbiətinin və şər probleminin mahiyyətinə varan, onları yaşamaq uğrunda mübarizə ideyasında birləşdirən romanlarına görə".

  1984 Yaroslav Seyfert- Çexoslovakiya- "İnsan ruhunun müstəqil və hərtərəfli olmasını sübut edən və öz təravətliliyi, həssaslığı və zəngin təxəyyüllülüyü ilə fərqlənən şeirlərinə görə".
 

 1985 Klod Simon- Fransa- "Gözəlliyi və poetik başlanğıcları birləşdirmiş olduğu yaradıcılıq qabiliyyətinə görə".

  1986 Vole Şoyinka- Nigeriya- "Nəhəng mədəni və poetik perspektivləri olan teatr yaratdığına görə".

 
1987 İosif Brodski- SSRİ-ABŞ- "Aydın fikir və coşğun poeziya ilə zəngin hərtərəfli yaradıcılığına görə".

 

 1988 Nəcib Məhfuz- Misir- "Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə".

  1989 Kamilo Xose Sela- İspaniya- "Mərhəmətlə və həssaslıqla insan zəifliyini qeyd edən, təsirli və güclü nəsr əsərlərinə görə".

  1990 Oktavio Pas- Meksika- "Ağılla, humanist tamlıqla və böyük şövqlə yazılmış hərtərəfli əsərlərinə görə".

 
 1991 Nadin Qordimer- Cənubi Afrika- "Öz bənzərsiz eposu ilə bəşəriyyətə böyük xeyir verdiyinə görə".

 

 1992 Derek Uolkott- Sent-Lüsiya- "64 fəsilli bənzərsiz karib eposu nümunəsinə görə".

  1993 Toni Morrison- ABŞ- "Amerika gerçəkliyinin vacib aspektini dirçəltdiyi arzu və poeziyayla zəngin romanlarına görə".
 
 1994 Kendzaburo Oe - Yaponiya- "Gerçəkliyin və mifin birləşərək bu günkü insan fəlakətlərinin qorxulu mənzərəsini canlandırdığı təsəvvür edilən dünyanın poetik bir güclə təsvirinə görə".

 
 1995 Şeymas Xini- İrlandiya- "Qarşımızda heyrətamiz həyatı canlandıran və keçmişi dirildən poeziyasının lirik gözəlliyinə və etik dərinliyinə görə".

 
 1996 Vislava Şimborska- Polşa- "Bəşər gerçəklikləri kontekstində tarixi və bioloji təzahürləri böyük dəqiqliklə təsvir edən poeziyasına görə".

  1997 Dario Fo- İtaliya- "Orta əsrlərin təlxəklərinin xələfi kimi hakimiyyəti və avtoriteti tənə etdiyinə, əsarətdə yaşayanların ləyaqətini müdafiə etdiyinə görə". 

 1998 Joze Saramaqo - Portuqaliya- "Təxəyyül, həyəcan və ironiya ilə zəngin pritçalardan istifadə edərək xəyalı reallığı anlamağa imkan verən fəaliyyətlərinə görə". 

 1999 Günter Qrass- Almaniya- "Tarixin unudulmuş surətini işıqlandıran, şən və kədərli pritçalarına görə". 

 2000 Qao Sinsyan- Çin/ Fransa- "Müasir dünyada insanın vəziyyətini kədərlə qeyd edən dünyəvi xarakterli əsərlərinə görə".
 

 2001 Vidiadxar Suracprasad Naypol- Trinidad və Tobaqo/Böyük Britaniya- "Barəsində fikir yürüdülməsi qəbul edilməyən bəzi faktlarla bağlı bizi düşünməyə vadar edən sarsılmaz düzlüyünə görə". 

 2002 İmre Kertes- Macarıstan- "Kertes öz yaradıcılığında cəmiyyətin aktiv olaraq şəxsiyyəti özündən asılı etdiyi bir dövrdə fərdin yaşamağa və düşünməyə necə davam edə biləcəyi barəsində suallara cavab verir". 

 2003 Con Maksvell Kutzeye - CAR- "Kutzeyenin romanlarına xas olan xüsusiyyətlər - gözəl düşünülmüş kompozisiyalar, zəngin dialoqlar və analitik düşüncə sahəsindəkı ustalığıdır. O, eyni zamanda hər şeyi - qərb sivilizasiyasının qəddar rasionalizmini və süni əxlaqını tənqid edir. O, intellektual baxımından çox vicdanlı adamdır. Doğrunu yanlışdan ayırd etmək problemləri ilə, hərəkət və hərəkətsizliklərin arasındakı seçim əzabı ilə məşğul olur".

  2004 Elfrida Elinek- Avstriya- "Qeyri-adi linqvistik səylə sosial qəliblərin mənasızlığını və onları kölə vəziyyətinə salan qüvvələri işıqlandırdığı roman və pyeslərində musiqili səda və əks-səda qabarmalarına görə".

  2005 Harold Pinter- Böyük Britaniya - "Öz pyeslərində gündəmin təlaşları əsasında duran uçurumları aydınlaşdırdığına və işgəncə yerinə daxil olduğuna görə".

  2006 Orxan Pamuk- Türkiyə- "Doğma şəhərinin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə".
 

 2007 Doris Lessinq- Zimbabve/Böyük Britaniya- "Skepsis, həyəcan və uzaqgörənliklə bölünmüş sivilizasiyanı diqqətə çatdıran, qadın təcrübəsini qeyd edən yazıçı olduğuna görə".

  2008 Jan-Mari Qustav Le Klezio- Fransa/Mavriki- "Yeni istiqamətlərin, poetik macəraların və duyğusal coşğunluğun müəllifi, bəşəriyyətin hakim sivilizasiyanın sərhədlərindən kənar tədqiqatçısı olduğuna görə".
 2009 Herta Müller- Almaniya- "Poeziyanın cəmləşdirilməsi və nəsrdəki səmimiyyəti ilə məzlumların həyatını təsvir etdiyinə görə".
 
 2010 Mario Varqas Lyosa- Peru- "Hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə".

 
 2011 Tomas Transtromer- İsveç- "Aydın və yığcam şəkilləri ilə reallığa daha asan çıxış əldə etmək imkanı yaratdığına görə" 

 2012 Quan Moye (Mo Yan)- Çin- “Tarix, müasirlik və nağılı sintez edən hallüsinasiyalı realizmə görə”

 

Комментариев нет:

Отправить комментарий