6 авг. 2013 г.

1906-cı il. Müəllimlər qurultayında ixtilaf - Nəriman Nərimanovla Hacı Zeynalabdin Tağıyevin münaqişəsi

1906-cı ilin avqustunda Bakıda Qafqaz (Azərbaycan) müəllimlərinin I qurultayı keçirilir. “Şamaxinka”da, II şəhər məktəbinin salonunda avqustun 15-i səhər saat 10-da işinə başlayan qurultay avqustun 30-na qədər davam edir. Onun əsas təşəbbüskarları Həsən bəy Zərdabi və Nəriman Nərimanov idi.
Qurultayın ilk günündə Həsən bəy sədr, Nərimanov ona müavin, Əhmədbəy Ağayev isə katib seçilir. Tədbirdə o vaxtın və gələcəyin bir çox məşhur pedaqoqları (Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Zəkəriyyə Aslanbəyov, Mahmudbəy Mahmudbəyov, Abdulla Şaiq və başqaları) yaxından iştirak edirdilər.
 
Fəaliyyət proqramına bir çox aktual və öz dövrü üçün novatorçuluq olan məsələlər daxildi. Məsələn, Qori seminariyasının Azərbaycanda (Bakıda və ya Gəncədə) filialının açılması, 3 illik icbari təhsil, qadınların təhsili, təhsil proqram və dərsliklərinin yaradılması, kənd müəllimlərinin güzaranının yaxşılaşdırılması və s. Onların arasında ən əhəmiyyətli müzakirə mövzularından biri isə Azərbaycan dilində təhsil məsələsi idi.
 
Həmin dövrdə məktəblərdə Azərbaycan dilində danışmağa belə qadağa qoyulmuşdu. Bu sərt qadağanın Azərbaycanda tətbiqinə maarif inspektoru Levitski nəzarət edirdi. Odur ki, qurultayda müraciət hazırlanaraq Qafqaz canişininə göndərilməsi və bu qadağanın götürülməsinə nail olmaq təklifi də yer almışdı.
Bu qadağanın ucbatından iş gedib absurd vəziyyətinə çatırdı. Məsələn, Nərimanov deyirdi: “Müsəlman uşağına “sobaka” sözünü başa salmaq üçün biz gərək hürək, “koşka” deyəndə isə miyoldayaq?” Yaxud Gəncədən olan pedaqoq Rəfibəyli özünün Levitski ilə söhbətini nəql edirdi. Levitski ona müsəlman şagirdlərin Quranı ruscaya tərcümədə öyrənmələrini təklif edəndə, Rəfibəyli də dözməyib deyir: “Onda rus uşaqları da İncili yəhudi dilində öyrənsinlər, yaxşı tərcüməsi də var”.
 
Avqustun 21-də müraciətin mətni hazırlanır. Mətn “Qurultay canişindən xahiş edir...” sözləri olan cümlə ilə bitirdi. Bu vaxt Nəriman Nərimanovun etiraz səsi ucalır: “Qurultay tələb edir! Xahiş yox”.
 
Bu replikaya münasibət Həsən bəy Zərdabidən gəlir. Qurultay dövründə Həsən bəy artıq ağır xəstə idi, çətinliklə və çox sakit səslə danışırdı, ancaq tədbirin işində fəallığını davam etdirirdi (Sonrakı, 1907-ci ildə Həsən bəy vəfat edir). O, izah etməyə çalışır ki, “tələb” kəlməsi canişinlikdə oturmuş məmurları qıcıqlandırar, onlar qəzəblənib müraciəti cırıb tullayarlar. “Evimizin içində bir Levitski ilə bacarmırıq, bizi saya salmır. Teleqramı canişinə versələr, hiddətlənər, Levitskiyə də əhsən deyər, hələ üstəlik səlahiyyətlərini bir az da artırar. “Xahiş” kəlməsini yazmaq daha müvafiqdir, nəzakətlidir”, - Həsən bəy bildirir.
 
Onun fikirləri etirazlarla qarşılanır və Nəriman Nərimanov təklifləri səsə qoymağı təklif edir. Səs çoxluğu ilə Nərimanovun “tələb edirik” variantı keçir, gənc müəllimlərdən biri isə “Ağıl yaşda deyil, başdadır” qışqıraraq Həsən bəy Zərdabinin ünvanına sayğısızlıq göstərir.
Həsən bəy yerindən qalxaraq qurultayı tərk edir. Səhərisi gün - avqustun 22-də isə qurultaya qəzəblənmiş halda Hacı Zeynalabdin Tağıyev təşrif buyurur. Və onun Nəriman Nərimanovla toqquşması baş verir.
Tağıyev müəllimlərə müraciət edərək deyir: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya Nəriman Nəcəf oğlu kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsizmi, o kimdir? Onun cibində bir qara qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada inqilabi danışıqlar aparır, sizi də ağıldan çıxmaq istəyir. Xahiş edirəm, dünənki qərarınızı dəyişin, çünki hökumət yanında millətimizə ayıb gətirən işdir”.
 
Bir sözlə, Hacının soyuqqanlı mötədilliyi ilə Nərimanovun emosional inqilabçılığı üz-üzə dayanır. Hamı Hacının maliyyə köməyi ilə Odessa Universitetinin Tibb fakültəsində təhsilini davam etdirən Nərimanovun yaranmış vəziyyətdə necə hərəkət edəcəyini səbirsizlik və təəccüb hissi ilə gözləyir. O isə kürsüyə qalxıb danışmağa başlayır:
 
“Yoldaşlar! Mən də canab Tağıyevdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etməklə istəyir ki, onların müstəqil fikirləri olmasın, hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər, belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmaması üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm».
Bu cür davranışın uzun müddət təkcə müəllimlər yox, həm də başqa sənət sahibləri arasında da geniş söhbət mövzusuna çevrildiyini söyləyirlər. Manaf Süleymanov isə “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim” kitabında münaqişənin nə ilə nəticələndiyini bu cür təsvir edir:
 
“Bu əvalatdan 25-30 il keçəndən sonra da Tağıyevin baş mühasibi Mir Məhəmməd deyirdi ki, hər il payızın əvvəlində təqaüd göndərdiyimiz tələbələrin siyahısını tutub Hacıya təsdiqə verirdim. O əhvalat baş verəndən 2 ay sonra Hacıdan xəbər aldım ki, Nərimanovu siyahıya salım, ya yox? Dedi ki, sal. Nərimanov isə sözünün üstündə durub pulu almamış, geri qaytarmışdı...
 
Onu da deməliyəm ki, Nəriman yoldaş Sovet hökuməti qurulandan sonra o ki var Hacı Zeynalabdinə hörmət elədi. Heç kəs ona gözünün üstündə qaşın var demədi. Mərdəkanda “Aşağı bağ”ı Hacıya verdi... Zarafat deyil, 14 otaq aşağıda, 14-ü üst mərtəbədə, bütün mayehtacı ilə, üzümlük, meyvəlik, çarhovuz... Deyirdilər ki, Nərimanov Odessa universitetində oxuyarkən Hacıdan aldığı pullarını da ödəmişdi...”
Kifayət Haqverdiyeva
Ədəbiyyat:
1.Çingiz Hüseynov. “Doktor N”
2.Manaf Süleymanov. “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim”
3. Nəriman Nərimanov. Seçilmiş əsərləri. 1-ci cild (rus)

Комментариев нет:

Отправить комментарий